Fevralın 19-da Baş Prokurorluqda xidməti vəzifələrini nümunəvi icra etdiklərinə görə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həvəsləndirilmiş, habelə “İlin ən yaxşı müstəntiqi”, “İlin ən yaxşı dövlət ittihamçısı” və “İlin ən yaxşı prokuroru” müsabiqələrinin qalibi olmuş prokurorluq işçilərinə, eləcə də “Prokurorluğun dostu” mükafatına layiq görülmüş media nümayəndələrinə mükafatların təqdim olunması ilə bağlı tədbir keçirilib.
1xeber.media xəbər verir ki, əvvəlcə I Qarabağ, 44 günlük Vətən müharibələri və Qarabağ iqtisadi rayonunda keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin, həlak olmuş vətəndaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev tərəfindən geridə qalan 2024-cü ildə ölkəmiz üçün uğurlu olmaqla yanaşı, çoxsaylı əlamətdar hadisələrlə yadda qalması qeyd edilib, 2024-cü ilin əvvəllərində ölkə başçısı cənab İlham Əliyevin növbədənkənar prezident seçkilərində mütləq səs çoxluğu ilə qalib gəlməsi, o cümlədən xilaskarlıqdan qalibiyyətə yüksələn zəfər salnaməsinin memarı, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik siyasi kursun möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin sürətli hərtərəfli inkişafının davam etməsi, ölkəmizin regional və beynəlxalq nüfuzunun daha da artması xüsusi vurğulanıb.
Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi və onun ən yaxın silahdaşı, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri uğurla davam etdirilməklə, Ağdam, Xocalı, Əsgəran rayonlarında və Xankəndi şəhərində ölkə rəhbəri tərəfindən kəndlərin və qəsəbələrin təməli qoyulmaqla, eyni zamanda çoxsaylı ictimai, iaşə, yaşayış, kommunikasiya obyektlərinin açılışları olub.
Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda gəncliyin inkişaf yoluna işıq salmaqla, gənclərin dövlət quruculuğunda və idarəçiliyində, bir sözlə, ictimai həyatın bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib.
Mərasim zamanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 sentyabr 2024-cü il tarixli sərəncamı ilə təltif edilmiş prokurorluq əməkdaşlarına, habelə Baş prokurorun müvafiq əmri ilə xidməti vəzifələrini nümunəvi icra etməsinə görə həvəsləndirilmiş prokurorluq əməkdaşlarına mükafatlar təqdim olunub.
Daha sonra “İlin ən yaxşı müstəntiqi”, “İlin ən yaxşı prokuroru” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin təşkili və keçirilmə qaydaları barədə müvafiq olaraq Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavinləri Elmar Camalov və Heydər Məmmədov çıxışlar edərək ətraflı məlumatlar veriblər.
Müsabiqələrin nəticələrinə əsasən “İlin ən yaxşı müstəntiqi” seçilmiş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi Kənan Nəzərova, “İlin ən yaxşı dövlət ittihamçısı” seçilmiş Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Bakı Apellyasiya Məhkəməsi üzrə prokuroru Anar Ələkbərova və “İlin ən yaxşı prokuroru” seçilmiş Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin böyük prokuroru Yelena Qasımovaya Baş prokuror tərəfindən diplom və mükafatlar təqdim olunub.
Bundan başqa, tədbir çərçivəsində “Prokurorluğun dostu” təltifinə layiq görülmüş media qurumlarına mükafatların təqdim edilməsi mərasimi keçirilib.
Diqqətə çatdırılıb ki, prokurorluq orqanları tərəfindən cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşma, o cümlədən vətəndaş məmnunluğunun və fəaliyyətdə aşkarlığın, hesabatlılığın və şəffaflığın təmin olunması məqsədilə media ilə işgüzar əlaqələrin möhkəmləndirilməsi prioritet vəzifələrdən biri hesab edilir.
Qeyd edilib ki, həmin tədbirlər çərçivəsində 2024-cü ilin yekunlarına əsasən prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılması, prokurorluq orqanları ilə media arasında operativ və səmərəli kommunikasiyanın qurulmasında fərqlənən “CBC” teleradio şirkətinin baş direktoru Vüqar Xəlilov, “Caliber.az” informasiya-analitik portalının baş redaktoru Timur Hüseynov və “Azərbaycan” qəzetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Əzizli “Prokurorluğun dostu” mükafatı ilə təltif olunub.