Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli rayonun Aşağı Əndəmic kəndində səyyar qəbul keçirib.
1xeber.media xəbər verir ki, 18 fevral 2025-ci il tarixində keçirilən görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və kənd icra nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı, kənd sakinlərini salamlayaraq ölkəmizdə aparılan genişmiqyaslı sosial-iqtisadi islahatlardan danışıb. Bildirilib ki, ölkədə siyasi və iqtisadi sabitlik təmin edilib, xüsusilə bölgələrdə infrastrukturun inkişafı, yeni iş yerlərinin açılması və sosial rifahın yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır ki, bu da əhalinin həyat səviyyəsinin yaxşılaşmasına töhfə verir. Hazırda ölkəmiz, Prezident İlham Əliyevin beynəlxalq müstəvidə apardığı uğurlu siyasət nəticəsində regional güc mərkəzlərindən biri kimi tanınır.
Daha sonra Ordubad İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı tarixi qələbədən bəhs edib. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, işğal altında olan torpaqlarımız azad olunub. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı quruculuq işləri həyata keçirilir, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün hərtərəfli şərait yaradılır. Görüşdə Zəngəzur dəhlizinin region və rayon üçün strateji əhəmiyyəti də vurğulanıb. Bildirilib ki, bu layihənin reallaşması Azərbaycanın tranzit potensialını artıracaq və türk dünyasını birləşdirən əsas nəqliyyat-kommunikasiya şəbəkələrindən birinə çevriləcəkdir. Zəngəzur dəhlizinin açılması rayon iqtisadiyyatına da mühüm töhfə verəcək, yeni iş yerlərinin yaradılmasına və ticarətin genişlənməsinə imkan yaradacaqdır.
İcra başçısı “2023–2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində həyata keçirilən layihələr barədə də söz açaraq, bu proqramın icrası nəticəsində Muxtar Respublikada, o cümlədən Ordubad rayonunda sosial-iqtisadi həyatın daha da canlanacağını nəzərə çatdırıb. Çıxış zamanı rayonun yeraltı sərvətlərinin istifadəsi, xüsusən də mədən sənayesinin yenidən dirçəldilməsi istiqamətində işlərə başlanıldığı, yaxın perspektivdə xalçaçılıq, ipəkçilik və konserv məhsullarının istehsalı üzrə müəssisələrin yaradılmasının nəzərdə tutulduğu qeyd olunub.
Qəbul zamanı Ordubad rayonunun gələcəkdə bölgənin əsas turizm mərkəzlərindən birinə çevriləcəyi, bu məqsədlə ilk olaraq yeni hotelin tikintisinə başlanıldığı qeyd olunub. Ordubadın qədim sənətkarlıq ənənələrini dirçəltmək və tarixi simasını bərpa etmək məqsədilə “Sərşəhər” məhəlləsinin, “Mədrəsə” binasının və “Ərbabın evi” adlanan tikililərin hərtərəfli bərpa ediləcəyi, bu işlərin şəhərin yeni hazırlanan baş planına uyğun həyata keçiriləcəyi də qəbul iştirakçılarının diqqətinə çatdırılıb.
Daha sonra kənd sakinlərinin ümumi problemləri müzakirə edilib, vətəndaşların arzu və təklifləri dinlənilib, su, məşğulluq, yol hərəkətini tənzimləyən sürət məhdudlaşdırıcı nişanların qoyulması, kənd arxının çıxarılması və sair problemlər üzrə səsləndirilən məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə tapşırıqlar verilib. Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər