Pentaqonun beş keçmiş rəhbəri ABŞ prezidenti Donald Tramp administrasiyasının ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin (JCS) sədri, general Çarlz Braunu da daxil olmaqla bir neçə ABŞ hərbi liderini işdən çıxarmaq qərarını tənqid edib.
1xeber.media xəbər verir ki, bu barədə The Washington Post onların Konqresə göndərdiyi məktuba istinadən yazır.
Məktubun müəllifləri ABŞ-ın keçmiş müdafiə nazirləri Lloyd Ostin, Ceyms Mettis, Çak Heygel, Leon Panetta və Uilyam Perridir. “Biz Konqresi cənab Trampı bu ehtiyatsız hərəkətlərə görə məsuliyyətə cəlb etməyə və konstitusiya nəzarəti öhdəliklərini tam şəkildə həyata keçirməyə çağırırıq”, - bəyanatda deyilir.
Keçmiş nazirlər bu işdən çıxarılmaların ABŞ-ın milli təhlükəsizliyi üçün nəticələrini qiymətləndirmək üçün Konqresin hər iki palatasında dinləmələrin keçirilməsini zəruri hesab edirlər. Onlar həmçinin Trampın ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Braunu işdən çıxarmaq qərarına diqqət çəkiblər ki, bu qərar könüllü orduya xələl gətirir.