ABŞ dövlət katibi Marko Rubio Londonda Ukrayna danışıqlarında iştirakdan imtina edib, çünki Kiyev ABŞ prezidenti Donald Trampın sülh sazişi ilə bağlı təkliflərini müzakirə etmək niyyətində deyildi.
1xeber.media xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.
“Ukraynanın Trampın yeni sülh təkliflərini deyil, 30 günlük atəşkəslə bağlı əvvəlki təklifini müzakirə etmək istədiyi məlum olduqdan sonra Rubio Ukrayna danışıqlarından çıxdı”, - deyə məlumatda bildirilir.
Ukrayna hökumətinə yaxın mənbə də Axios-a bildirib ki, Trampın ideyaları Kiyevdə “Rusiyanın xeyrinə çox qərəzli” kimi qəbul edilib. Rubio daha əvvəl demişdi ki, Ukrayna danışıqlarında irəliləyiş əldə olunmasa, ABŞ hökuməti diqqətini digər prioritet məsələlərə yönəldəcək. Onun sözlərinə görə, Birləşmiş Ştatlar münaqişənin həlli üçün artıq “hökumətin ən yüksək səviyyələrində çox vaxt və səy sərf edib”.