Bakıda bu ərazilərdəki evlər söküləcək
2040-cı ilə kimi paytaxtda mərkəzə yaxın ərazilərdə yerləşən fərdi evlər, 3, 4 və 5 mərtəbəli binalar söküləcək.
1xeber.media xəbər verir ki, bunu “İTV xəbər”ə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riyad Qasımov deyib.
Onun sözlərinə görə, həm tikintiyə, həm söküntüyə, həm də digər məsələlərə ciddi və xüsusi normalar tətbiq olunacaq:
“Bakı uzun illərdir monosentrik şəhərlərin bir mərkəzi kimi inkişaf edib. İdeyaya əsasən, 2040-cı ilə kimi Bakının bir sıra mərkəzləri olacaq və bu mərkəzlər bir-biri ilə yaşıl kolidorlar vasitəsilə əlaqələndiriləcək”.
Söküntü aparılan ərazilərdə meşə tipli parkların salınması, yaşıllıq zolaqlarının artırılması nəzərdə tutulub.
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə bildirib ki, söküləcək tikintilərin sakinləri üçün ətraf ərazilərdə göydələnlər ucaldılacaq.
“Həmin sakinlər istəsələr həmin göydələnlərdə məskunlaşacaq, istəməsələr, aldıqları kompensasiya ilə şəhərin başqa səmtində mənzil sahibi olacaqlar. Bu plan 2027-ci ildən daha sürətli şəkildə həyata keçiriləcək. Söküntü işlərinin daha çox şəhərin Alatava, Yasamal, Kubinka ərazilərində aparılması nəzərdə tutulur. Artıq Kubinkanın yarıdan çoxu demək olar, sökülüb. Bundan başqa, Keşlə ərazisi, Montin qəsəbəsində salınan kiçik gecəqondu evləri də bu siyahıya daxildir”.