1xeber.media məlumatına görə,Daşaltı kənd məscidinin inşası Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə maddi-mədəniyyət abidələrimizin, dini ocaqlarımızın bərpası və yenilərinin tikilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun həyata keçirilib. İşğal dövründə dağıdılan məscidlərimizin bərpası, yeni dini ocaqların inşası Azərbaycan dövlətinin xalqımızın milli-mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin göstəricisidir.
Daşaltı kənd məscidi kəndin mərkəzində milli memarlıq üslubunda inşa edilib. İkiminarəli məscid ümumi memarlıq kompozisiyası, planlaşdırma və bədii-dekorativ xüsusiyyətlərinə görə Qarabağ memarlıq məktəbinin ənənələrinə uyğun inşa olunub. Hündürlüyü 22,5 metr olan minarələr layihələndirilərkən Yuxarı Gövhər Ağa məscidinin minarələrinin formasından istifadə olunub. İkimərtəbəli məsciddə eyni vaxtda 150-dən çox insan ibadət edə biləcək.