Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevir və Goranboy rayonlarına gedib. Səfər çərçivəsində dövlət başçısı bir sıra mühüm sənaye və enerji obyektlərinin açılışında iştirak edib.
Yeni sənaye və enerji obyektləri iqtisadiyyatımız üçün nələr vəd edir?
Globalinfo.az-a a danışanAzər Badamov deyib ki, İlham Əliyevin son səfəri ölkənin davamlı inkişaf strategiyasının tərkib hissəsidir:
“Azərbaycan son 20 ildə energetika sistemini sıfırdan qurmağa nail olub. 1880 meqavat gücə malik “8 Noyabr” Elektrik Stansiyasının açılışı tarixi hadisədir. Enerji səmərəliliyinin artırılması, effektiv elektrik cihazlarının istifadəsi, yaşayış, ictimai və sənaye ərazilərində lazımsız elektrik istehlakının minimuma endirilməsi hər dövlət üçün prioritet məsələlərdən biridir. Belə kritik yanaşma fonunda mövcud stansiya Azərbaycanın enerji potensialını artırır və Cənubi Qafqazda enerji mərkəzi statusumuzu möhkəmləndirir”.
Millət vəkili bildirib ki, obyektin qısa müddətdə tikilərək istismara verilməsi enerji mütəxəssislərimizin təcrübəsindən xəbər verir:
“Bu layihə, həm enerji istehlakının optimallaşdırılması, həm də iqtisadi və ekoloji baxımdan davamlı inkişaf üçün mühüm addımdır. Eyni zamanda, təbii qaza qənaət edilməsi nəticəsində ölkəmizin beynəlxalq qaz bazarındakı mövqeləri daha da güclənəcək. Artıq bu uğurlar təkcə regionda deyil, Avropa səviyyəsində də diqqət çəkir. Goranboyda açılışı olan “Konstralab Industries” QSC-yə məxsus tikinti materialları istehsalı müəssisəsi də yerli istehsalın gücləndirilməsi, yeni iş yerlərinin yaradılması və regionun sənaye potensialının artırılması baxımından əhəmiyyətli layihədir”.
Deputat Vüqar Bayramov qeyd edib ki, “8 Noyabr” Elektrik Stansiyası daxili enerji tələbatının ödənilməsinə mühüm töhfə verməklə yanaşı, ixrac imkanlarını da genişləndirəcək:
“Prezidentin qeyd etdiyi kimi, bu layihə hazırda ölkənin enerji istehsalının 40 faizini təmin edən Mingəçevirin təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqaz regionunda energetika mərkəzi kimi statusunu möhkəmləndirəcək. Elektrik enerjisi istehsalının artırılması mavi qaz istehlakının azaldılması və ixrac potensialının artırılması baxımından önəmlidir. Hazırda Azərbaycanda illik qaz istehlakı 13,5 milyard kubmetr təşkil edir və bunun təxminən 37 faizini əhali istifadə edir.
Yaşıl enerji resurslarının istifadəsinin genişləndirilməsi, mərkəzləşdirilmiş istilik sistemlərinin tətbiqi və enerji itkilərinin azaldılması ilkin hesablamalara əsasən, ildə 2 milyard kubmetrə qədər qaz qənaəti ilə nəticələnə bilər. Bu isə ölkənin “mavi qaz” ixracını artırmaqla valyuta daxilolmalarını yüksəltməyə imkan verir. Beləliklə, yeni enerji obyektinin istifadəyə verilməsi strateji iqtisadi üstünlüklər qazandırmaqla yanaşı, ölkəmizin regional və qlobal enerji bazarlarında mövqeyini gücləndirir”.