Bu yolda tez-tez qəzalar olur, sakinlər narahatdır - Foto
Paytaxtın Yasamal rayonu Nəriman Nərimanov prospektində yaşayan sakinlər buradakı tənzimlənməyən piyada keçidinin həyatları üçün təhlükə yaratdığını və tez-tez qəzalara səbəb olduğunu bildirir.
1xeber.media xəbər verir ki, həmin ərazidə yaşayan sakinlərdən biri Şahnaz Həsənova prospektin hərəkət hissəsinin çox enli olmasının təhlükəli olması barədə bir neçə dəfə paylaşım edib.
O bildirib ki, Nərimanov prospektini keçib Mərkəzi Parka getmək təhlükəlidir: “Buradan yolu keçmək canını ölümə atmaq kimidir. 6 zolaqlı yolu piyada solğun “zebra”ya ümid olub keçir. Hava qaralanda bu ölümə getməkdir. Ya sürətlə gələn maşınlar dayana bilmir, bir-birinə çırpılır, yaxud da piyadanı vurur. Bir neçə ay əvvəl bir dəfə motosiklet məni vurmamaq üçün özü yolun kənarına çıxıb, qəza etdi. Daha sonra orada 27 yaşlı bir nəfəri maşın vurub öldürüb. Şəhərin mərkəzi prospektində bir piyada işıqforu quraşdırmaq belə çətin olmamalıdır”.
Vətəndaş son olaraq həmin yerdə noyabrın 23-də qəzanın baş verdiyini qeyd edib.
Məsələ ilə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi Ömər Xıdırov müraciətimizə cavab olaraq bildirdi ki, qeyd edilən ərazidə yol hərəkətinin təşkilində dəyişiklik edilməsi planlaşdırılır: “Qeyd olunan ünvanda DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən daha əvvəl təhlillər aparılıb. Yaxın vaxtlarda piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə yolda düymə ilə idarə olunan yeni piyada işıqforu quraşdırılacaq”. qafqazinfo