Sosial şəbəkələrdə Allahverdi Yolçuyevin küçələrdə corab sataraq dolanmağa çalışdığı görüntülər geniş rezonans doğurub.
Görüntülərdən sonra Mədəniyyət Nazirliyi sərt tənqidlərə məruz qalıb. İctimai təzyiqin artmasından bir gün keçməmiş aktyorun işlə təmin edildiyi bildirilsə də, bu hadisə mədəniyyət işçilərinin sosial müdafiə məsələsini yenidən gündəmə gətirib.
Bəs, çətin vəziyyətdə olan mədəniyyət işçilərinin hamısına Mədəniyyət Nazirliyi sahib çıxmalı, onların sosial-iqtisadi vəziyyətlərinin düzəldilməsinə kömək etməlidirmi? Belə bir öhdəlik varmı?
Globalinfo.az-a danışan Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Aqil Abbas bildirib ki, Mədəniyyət Nazirliyinin maddi durumla bağlı çətinlik yaşayan aktyorlara yardım etmək kimi bir öhdəliyi yoxdur.
Onun sözlərinə görə, bu cür məsələlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) nəzarət edir:
“Səhər xəbərlərdə oxudum ki, Allahverdi Yolçuyev artıq işlə təmin olunub. Nazir şəxsi təşəbbüslə mədəniyyət xadiminə kömək edə bilər, amma ümumi vətəndaşlara dəstək vermək ƏƏSMN-in işidir. Mədəniyyət Nazirliyinə bu cür yardımlar üçün vəsait ayrılmır. Biz Adil Kərimlini tənqid edə bilmərik ki, niyə aktyorlara kömək etmir. Sadəcə, imkanı daxilində nəsə edə bilər. Yolçuyev uzun illərin aktyorudur. Əgər ehtiyac hiss edirdisə, gərək Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət edəydi. Lazım gələrsə, mən də dəstək göstərərəm”.
Xalq artisti Afaq Bəşirqızı da məsələyə münasibət bildirib.
O qeyd edib ki, qanunvericiliyə görə Mədəniyyət Nazirliyi aktyorları maddi cəhətdən təmin etməyə borclu deyil:
“53 ildir bu sahədəyəm. Açıq deyim ki, nazirliyin hansısa aktyoru öhdəliyinə götürmək, ona maddi dəstək göstərmək kimi bir vəzifəsi yoxdur. Onlarda belə bir baza da mövcud deyil. Bəli, nazirlik aktyorların yubileylərinə, nailiyyətlərinə rəmzi diqqət yetirə bilər. Bu da kiçik büdcə ilə görülə bilən işlərdir. Başqa heç nə etmək mümkün deyil”.
Afaq Bəşirqızı deyib ki, vaxtında hər kəs özünə gün ağlamalıdır:
“Özümüzdən başqası bizim üçün nə edə bilər ki? Allahverdi Yolçuyevi çox istəyirəm. Allah ona kömək olsun. Ümid edirəm ki, bundan sonra müəyyən dəstək göstərilər”.