Aslan İsmayılov Siyavuş Kərimidən yazdı
1xeber.media xəbər verir ki, Aslan İsmayılov özünün facebook səhifəsində Azərbaycan Milli Konservatoriyasının sabiq rektoru Siyavuş Kərimidən yazıb.
Qeyd edək ki, 23 ildir sözügedən vəzifədə çalışan 73 yaşlı sabiq rektor vəzifədən ayrılan zaman onunla görüşən kollektiv və tələbələr göz yaşlarını saxlaya bilməyiblər. Və bu görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Xatırladaq ki, Prezidentin Sərəncamı ilə Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi vəzifəsindən azad edilib.
Aslan İsmayılovun paylaşımını və video sujeti olduğu kimi təqdim edirik:
"Siyavuş Kərimini təxminən 90-cı illərin sonundan xaricdə Azərbaycan musiqisini təbliğ etməyə başladığı dövrdən tanıyıram. Azərbaycan Milli Konservatoriyasının rektoru işlədiyi dövrdə bir neçə dəfə sosial şəbəkələrdən gördüyüm kimsəsiz istedadlar barəsində müraciət edəndə onların hər birini qəbul edib, necə həssas yanaşdığını, həmin şəxslərin təhsil alması üçün hansı əziyyətlər çəkdiyinin şahidi olmuşam.
Bir neçə gündür Siyavuş müəllimin Konservatoriya müəllimləri və tələbələri ilə vidalaşma səhnələrini izlədikcə düşünürdüm ki, kaş belə rəhbər şəxslərimiz çox olaydı. Ölkəmizdə ali məktəb rektorlarının əksəriyyəti pedaqogikadan başqa nə ilə desəniz məşğul olublar və olmağa davam edirlər. Bu səbəbdən də vəzifələrindən azad olunduqları gün çoxlarına heç sağol deyən də olmayıb.
Təqdim etdiyim videonu izlədikcə Siyavuş müəllimin kollektivdə hansı hörmətə, məhəbbətə malik olduğunu görməmək mümkün deyil. Bu münasibətlə Siyavuş müəllimi təbrik edib, ona can sağlığı və yaradıcılığında uğurlar arzulayıram. Belə yaşamaq, işləmək hər Kişiyə nəsib olmur. Məhz Siyavuş müəllim kimi insanlar vəzifəyə şöhrət gətirirlər, özlərinin isə heç bir vəzifəyə ehtiyacları olmur."