Avropa İttifaqı (Aİ) Ukraynadan vergi dəyişiklikləri aparılmasını tələb edir. Əks halda Kiyev üçün 90 milyard avroluq maliyyələşdirməni təmin etmək üçün daha sərt şərtlər tətbiq olunacaq.
1xeber.media xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb. Agentliyin məlumatına görə, Ukrayna güzəştli sistem əsasında fəaliyyət göstərən və illik gəliri 77 min 400 avrodan çox olan şirkətlər üçün əlavə dəyər vergisini (ƏDV) 20 faizədək artırmalıdır. Belə bir islahat Ukrayna cəmiyyətində gərginliyə səbəb ola bilər.
Adı çəkilməyən bir məmur qeyd edib ki, Ukrayna Beynəlxalq Valyuta Fondun tərəfindən də oxşar təzyiqlə üzləşir. Bu isə Kiyevə ayrıca kredit proqramı çərçivəsində 8 milyard dollarlıq vəsait ayrılması ilə bağlıdır.
Ukraynanın əsas donorları hesab edirlər ki, müharibə dövründə biznes üçün vergi güzəştləri büdcəni zəiflədir, genişmiqyaslı kölgə iqtisadiyyatının davam etməsinə kömək göstərir.
Xatırladaq ki, Macarıstan və Slovakiya vetonu götürdükdən sonra aprelin 22-də Aİ Ukrayna üçün 90 milyard avroluq maliyyələşdirməni və Rusiyaya qarşı 20-ci sanksiyalar paketini təsdiqləyib.

















