28 May – Müstəqillik Günü Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir. Məhz bu gün,
təkcə Azərbaycanda, həm də təkcə türk dünyasında deyil, bütövlükdə, müsəlman Şərqində
Demokratik Cümhuriyyətin yarandığı bir gündür. Bu gün Azərbaycanın yurdsevən, demokratiya,
tərəqqipərvər və millətsevən insanları müstəqillik elan ediblər. Məhz 1918-ci ilin 28 may günü
Azərbaycan özünü bir dövlət kimi varlığını dünyaya göstərdi. 108 yaşlı Azərbaycan Demokratik
Cumhuriyyətinin bəyan edildiyi gün, 28 may onun varisi olan Azərbaycan Respublikasının da
Müstəqillik Günü kimi təsbit olunmuşdur.
Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə
yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri
müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu
sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi.
Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi
üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan
Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi
bərabərsizliyi ortadan qaldırdı.
Qısa müddət ərzində dövlətin siyasi, iqtisadi, hüquqi, mədəni və digər sahələrində həyata
keçirilmiş mütərəqqi siyasət Azərbaycanda müstəqil, demokratik dövlətçilik ənənələrinin, milli ruhun
formalaşmasında və gələcək inkişafında mühüm rol oynamış oldu.
Cümhuriyyət çox az müddət mövcud olsa da, Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun,
azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi. Həmin dövrdə mürəkkəb siyasi şəraitdə
yaranmış dövləti qoruyub saxlamaq təəssüf ki, mümkün olmadı. Bundan sonra ilk dəfə olaraq rəsmi
qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin
sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub.
Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına,
dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.
Tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir
proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında
müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-
iqtisadi dövrdə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin
qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin
dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən
ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər
Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Məhz 1993-cü ildə ümummilli lider Heydər Əliyev
xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimiz qorunmağa başladı. Ölkədə
ictimai-siyasi sabitlik hökm sürməyə başladı, iqtisadi inkişafımızın təməli qoyuldu. Ümummilli lider
Heydər Əliyev eyni zamanda hakimiyyətə gəldikdən sonra məhz 28 may 1918-ci ildə Azərbaycanın
müstəqilliyini elan etmiş azərbaycanlıların adlarının əbədiləşdirilməsi, o tarixi anlara abidənin
ucaldılması, İlham Əliyevin İstiqlaliyyət küçəsində abidənin açılış mərasimində iştirak etməsi – bütün
bunlar Azərbaycan Prezidenti İlham Əliyevin məhz tarixi köklərimizə nə qədər böyük önəm verdiyini bir
daha göstərir.
Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət
deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Artıq torpaqlarımız
işğaldan azaddır, respublikamızın ərazi bütövlüyü bərpa olunub. Bu gün İlham Əliyevin liderliyi ilə
müstəqilliyimizin ən şərəfli tarixi yazılır. Şanlı Ordumuz 30 ildən sonra düşmən tapdağında olan tarixi
ərazilərimizi azad etdi. Bu gün həmin ərazilərimizdə üçrəngli Azərbaycan bayrağının qürurla
dalğalanması həm cümhuriyyətin qurucularının, müasir Azərbaycan dövlətinin banisi, Ulu Öndər
Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə ən böyük
hədiyyədir.
Nail Xanməmmədov,
Sabirabad rayonu Ulacalı kənd tam orta məktəbinin direktoru
















