Bakıda gündəlik olaraq minlərlə insanın istifadə etdiyi nəqliyyat sistemində mühüm dəyişiklik başlayır. Metronun gələcək imkanlarının genişləndirilməsi üçün həyata keçirilən xətlərin ayrılması layihəsi bu dəfə sərnişinlərin gündəlik hərəkət marşrutuna da təsir göstərəcək.
1xeber.media xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin həyata keçirdiyi layihə çərçivəsində avqustun 15-dən “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılacaq.
Paytaxtın ən intensiv nəqliyyat nöqtələrindən biri olan “28 May” ətrafında sərnişin axınının artacağı nəzərə alınaraq alternativ tədbirlər də görülür. AYNA avqustun 14-dən etibarən 6 yeni ekspres avtobus marşrutunu istifadəyə verir.
Bununla yanaşı, şəhərin müxtəlif istiqamətlərini əhatə edən 20 müntəzəm marşrutda — 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199 və 202 nömrəli xətlərdə avtobusların sayı artırılacaq.
Dəyişikliklər “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan bəzi marşrutları da əhatə edir. 32, 49, 120E və 125 nömrəli avtobusların son dayanacaq məntəqələri Səməd Vurğun bağının ətrafına köçürülüb.
32 və 49 nömrəli marşrutların son dayanacağı Dilarə Əliyeva küçəsində, 120E və 125 nömrəli marşrutların son dayanacağı isə Puşkin küçəsində təşkil olunub.






















