Azərbaycanda heyvandarlıqla məşğul olan vətəndaşların narazılığı günü-gündən artır. Xüsusilə dabaq xəstəliyi ilə bağlı heyvan bazarlarının bağlanması və sonradan fəaliyyətin bərpasından sonra bazarlarda tətbiq olunan ödənişlərin artması ciddi suallar doğurur. Əvvəllər heyvanın bazara giriş haqqı təxminən 50 qəpik-1 manat arasında dəyişirdi. Heyvan daşıyan avtomobillər üçün isə 3-5 manat civarında ödəniş alınırdı. Hazırda isə bir heyvan üçün 3 manat, avtomobil üçün isə 10 manat ödəniş tələb olunduğu bildirilir.
Burada sual yaranır ki, Heyvan bazarlarının bağlanması və sonradan yenidən açılması kəndliyə nə verdi?
Əgər məqsəd dabaq xəstəliyinin qarşısını almaq və heyvanların sağlamlığını qorumaq idisə, görülən tədbirlərin nəticəsi yalnız əlavə maliyyə yükünün vətəndaşın üzərinə qoyulması ilə məhdudlaşmamalıdır. Kəndli onsuz da yem, baytarlıq xidməti, nəqliyyat və digər xərclərin ağırlığı altında fəaliyyət göstərir. Bunun üzərinə bazara giriş və heyvan daşınması üçün əlavə ödənişlərin artırılması vəziyyəti daha da çətinləşdirir.
Daha ciddi məqam isə odur ki, bu siyasət yerli heyvandarlıq təsərrüfatlarının bazardan çəkilməsinə səbəb olur. Kəndli istehsal etdiyi heyvanı satmaq üçün bazara gəlir, lakin qarşısına yeni xərc çıxır. Nəticədə xərclər artır, qazanc azalır, istehsalçı bazardan uzaqlaşır.
AQTA-nın əsas vəzifəsi sahibkarın və kəndlinin üzərinə mümkün qədər çox maliyyə yükü qoymaq yox, qida təhlükəsizliyini təmin etməklə yanaşı, kənd təsərrüfatının davamlı inkişafına şərait yaratmaqdır.
Əgər tətbiq olunan yeni tariflər həqiqətən qüvvəyə minib və əvvəlki qiymətlərlə müqayisədə bu qədər artım varsa, AQTA ictimaiyyətə açıq şəkildə izah etməlidir ki, bu qiymət artımının iqtisadi və hüquqi əsasları nədir? Toplanan vəsait hara yönəldilir? Bazarlarda baytarlıq və sanitar xidmətlərin keyfiyyəti hansı səviyyədədir?
Ən əsası isə, xəstəliklə mübarizə adı altında həyata keçirilən tədbirlər niyə nəticədə yenə kəndlinin cibinə hesablanmalıdır?
Dabaqla mübarizə vacibdir. Heyvan sağlamlığı və qida təhlükəsizliyi də müzakirə mövzusu deyil. Amma təhlükəsizlik tədbirləri kəndlinin iqtisadi vəziyyətini daha da ağırlaşdırmamalıdır. Əks halda xəstəliklə mübarizə apararkən kənd təsərrüfatının özünü zəiflətmək təhlükəsi yaranır.
Kəndlinin bazardan qaçdığı, xərclərin artdığı, gəlirin azaldığı bir şəraitdə “qida təhlükəsizliyi” siyasətinin sosial və iqtisadi nəticələri də ciddi şəkildə qiymətləndirilməlidir.
AQTA və aidiyyəti qurumlar bu suallara cavab verməlidir ki, bazarların bağlanıb-açılmasından sonra vətəndaşın yükü niyə artıb və bu artımın real faydası kimədir?
Aysel Timur
1xeber.media

















