1xeber.media xəbər verir ki, Frankfurt–Dehli marşrutu üzrə uçuş həyata keçirən “Air India” aviaşirkətinə məxsus təyyarə mümkün ələkeçirmə siqnalından sonra Hindistanın Caypur şəhərindəki hava limanına təcili eniş edib. Hadisə oktyabrın 14-də baş verib.
“The Times of India” qəzetinin məlumatına görə, “Boeing 787-9” tipli təyyarə təhlükəsizlik sisteminin işə düşməsindən sonra marşrutunu dəyişərək Caypura yönləndirilib. İlkin məlumata əsasən, təyyarə Mumbay uçuş məlumatı zonasından keçərkən pilot transponderdə 7500 kodunu aktivləşdirib. Bu kod hava gəmisinin ələ keçirilməsi və ya uçuşa qanunsuz müdaxilə barədə yerüstü xidmətlərə məlumat vermək üçün istifadə olunur.
Təyyarə yerə endikdən sonra sərnişinlər və ekipaj üzvləri təhlükəsizlik əməkdaşlarının nəzarəti altında təxliyə edilib. Daha sonra polis, hava limanının əməkdaşları və antiterror bölməsinin qüvvələri təyyarəni və baqajları yoxlayıblar.
Hadisə ilə əlaqədar Hindistanın Milli Təhlükəsizlik Qvardiyasının Yeni Dehlidəki qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib. Hazırda mütəxəssislər hadisənin səbəblərini müəyyənləşdirmək üçün zəruri yoxlamaları davam etdirirlər.
Hadisənin təyyarənin həqiqətən ələ keçirilməsi cəhdi ilə bağlı olub-olmadığı barədə hələlik rəsmi nəticə açıqlanmayıb.














