"PAŞA Bank" ASC bu ilin yanvar-sentyabr aylarını 133,802 milyon manat xalis mənfəətlə başa vurub.
1xeber.media Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 % çoxdur.
9 ayda "PAŞA Bank"ın əməliyyat gəlirləri 617,743 milyon manat (1 il əvvələ nisbətən 3,4 % çox), əməliyyat xərcləri 423,462 milyon manat (3,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 21,725 milyon manat (23,7 % çox), gözlənilməz xərcləri 276 min manat (1 il əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 38,477 milyon manat (2,6 % az) təşkil edib.
Bu il oktyabrın 1-nə "PAŞA Bank"ın aktivləri 9 milyard 987,063 milyon manat olub ki, bu da illik müqayisədə 11,8 % çoxdur. Bunun 3 milyard 883,762 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 19,2 % böyüyüb.
Hesabat dövründə "PAŞA Bank"ın öhdəlikləri 13,4 % artaraq 9 milyard 002,348 milyon manat, o cümlədən depozit portfeli 10,7 % artaraq 7 milyard 487,038 milyon manat, balans kapitalı isə 1,1 % azalaraq 984,715 milyon manat, o cümlədən nizamnamə kapitalı 14,2 % artaraq 404,882 milyon manat olub.
Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Bankın səhmlərinin 53,97 %-i daxil olduğu "PAŞA Maliyyə Holdinqi" MMC-yə, 26,77 %-i "Bless" MMC-yə, 9,5 % Arif Paşayevə, 5 %-i 18 minə yaxın fiziki şəxsə, 4,76 %-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.














