1xeber.media xəbər verir ki, Çin xarici işlər naziri Vanq Yi Filippini Cənubi Çin dənizindəki mübahisələrlə bağlı ehtiyatlı davranmağa çağırıb. O, bu barədə Filippinin xarici işlər naziri Mariya Tereza Lazaro ilə telefon danışığı zamanı bildirib.
Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Vanq Yi iki ölkə arasındakı münasibətlərə bəzi filippinli siyasətçilərin müdaxilə etdiyini iddia edib. O, Manilanı həmin şəxslərə qarşı daha sərt mövqe nümayiş etdirməyə və Çinlə bağlı siyasətdə vahid mövqe ortaya qoymağa çağırıb.
Filippin tərəfi isə telefon danışığını açıq və konstruktiv adlandırıb. Xarici işlər naziri Tereza Lazaro tərəflərin fikir ayrılıqlarının qarşılıqlı hörmət və diplomatik dialoq yolu ilə idarə olunmasının vacibliyini vurğuladığını bildirib.
Qeyd edək ki, Çin və Filippin Cənubi Çin dənizindəki bir sıra ərazilərə dair üst-üstə düşən ərazi iddialarına malikdir. Son aylarda bu mübahisə iki ölkə arasında diplomatik gərginliyin artmasına səbəb olub. Tərəflər həmçinin mübahisəli Reed Bank ərazisində neft və qaz kəşfiyyatı ilə bağlı danışıqların bərpası imkanını müzakirə ediblər.

















