1xeber.media xəbər verir ki, Türkiyənin müdafiə sənayesi şirkəti ASELSAN beynəlxalq müştərilərdən biri ilə hava hücumundan müdafiə sistemlərinin ixracına dair 1,1 milyard dollarlıq müqavilə imzalayıb.
Şirkət bu barədə Türkiyənin İctimaiyyətə Açıqlama Platformasına (KAP) təqdim etdiyi məlumatda bildirib. Müqavilənin ASELSAN-ın gəlirlərinə müsbət təsir göstərəcəyi qeyd olunub.
Razılaşmanın tərəfi olan ölkənin adı açıqlanmayıb. Həmçinin hansı hava hücumundan müdafiə sistemlərinin tədarük ediləcəyi və çatdırılma qrafiki barədə məlumat verilməyib.
Qeyd edək ki, ASELSAN Türkiyənin müdafiə elektronikasının aparıcı istehsalçılarından biridir. Şirkət radarlar, raket buraxılış qurğuları, zenit silahları və hava hücumundan müdafiə sistemləri istehsal edir.

















