Qanlı 20 yanvar gecəsi 1990-ci il müstəqilliyə gedən yol idi və böyük zəfərlə başa çatdı.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat 20 yanvar faciəsinin beynəlxalq hüququn normalarının, keçmiş SSRİ və Azərbaycan SSR-in Konstitusiyalarının pozulmasıyla törədildiyini bildirib:
"35 il əvvəl -1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 26 min nəfərlik ordu uyğun ssenari üzrə beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in Konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı qırğın törətdi”.
O qeyd edib ki, sovet qoşunlarının heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt başda olmaqla bir çox şəhərlərə yeridilməsi, dinc əhaliyə qarşı törədilən qəddarlıq Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini boğmağa yönəlmişdi. Deputat vurğulayıb ki, amma bu, Azərbaycan xalqının əzmkarlığını, mübarizlik ruhunu qıra bilmədi. Əksinə, xalqımızı daha da birləşdirdi.
K.Nurullayeva ümummilli lider Heydər Əliyevin faciədən sonra Azərbaycan xalqının köməyinə yetişdiyini və gördüyü işləri diqqətə çatdırıb:
"Mərkəzi hakimiyyət informasiya blokadası yaratmağa çalışsa da bu, nəticə vermədi. Faciənin ertəsi günü, yanvarın 21-də məhz ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək, bu vəhşiliyi kəskin şəkildə pislədi, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdi”.
Deputat vurğulayıb ki, bu, o vaxtkı dövrün reallıqları fonunda əslində böyük cəsarət və siyasi iradə tələb edirdi.
“Ulu öndər həm hadisənin törədilmə səbəblərini açıqladı, həm də onun təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi”, - K.Nurullayeva deyib.
Deputat ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il martın 29-da Milli Məclisin qərarı ilə baş verənlərin Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildiyini xatırladıb.
“20 yanvar faciəsindən 30 il sonra, 2020-ci ilin payızında xalqımız bir daha tarixi imtahan verdi. Torpaqlarımız işğalçılardan azad edildi. 2023-cü ildə isə suverenliyimizi bərpa etdik. Hər zaman istiqlal arzusu ilə yaşayan hər bir azərbaycanlı üçün dövlətimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün möhkəmləndirilməsi başlıca vəzifədir. Bu təməl prinsiplərin hər zaman uca tutulması uğrunda mübarizəmiz daimidir. Azərbaycanın hər yerində üçrəngli bayrağımız dalğalanır. Bu gün Yanvar şəhidlərinin də ruhu şaddır. Çünki müstəqilliyə gedən yolun başlanğıcı böyük zəfərlə başa çatıb",- deputat qeyd edib.