20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Əqli Mülkiyyət Agentliyində anım tədbiri keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Agentliyin İdarə Heyətinin üzvü Sənan Tapdıqov faciə ərəfəsində ölkədə baş verən hadisələr haqqında məlumat verib. O qeyd edib ki, Sovet İttifaqı tərəfindən törədilən bu qanlı hadisə xalqımızın azadlıq və müstəqillik arzularına qarşı idi. Həmin gün Azərbaycan xalqının milli mübarizəsində bir dönüş nöqtəsi kimi tarixə yazıldı, xalqın milli şüurunu oyatdı, müstəqillik üçün daha da böyük əzm və iradə göstərilməsinə səbəb oldu. S.Tapdıqov Ümummilli Lider Heydər Əliyevin faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldiyini, öz etiraz səsini ucaldaraq bu hadisəni dünya ictimaiyyətinə çatdırdığını bildirib. O, qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi qiymət verildiyini vurğulayıb.
Agentliyin Aparat rəhbəri Xudayət Həsənli çıxışında bu faciəni Azərbaycan xalqının əzmkarlığı, qəhrəmanlığı və azadlıq uğrunda apardığı mübarizə olduğunu bildirib. O vurğulayıb ki, 20 Yanvar Azərbaycanın müstəqillik yolunda sarsılmaz bir qələbə və əzmkarlıq əlaməti olaraq xalqımızın yaddaşında həmişə qalacaq.