Xaricdəki Azərbaycan Evlərində “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən insanların xatirəsinə anım guşələri yaradılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən 1xeber.media verilən məlumata görə, Avstriya, Finlandiya, İspaniya, Kanada, Macarıstan, Yunanıstan və digər ölkələrdə yaşayan soydaşlarımız həmin ölkələrdəki Azərbaycan Evlərinə gələrək anım guşəsinə qərənfillər düzür, şam yandırır, qəza nəticəsində həlak olanları hörmətlə anır, yaralananlara şəfa arzulayırlar.
Bütün dünyada yaşayan azərbaycanlılar hər zaman olduğu kimi belə bir faciənin baş verdiyi gündə də xalqımızın və dövlətimizin yanında olduqlarını nümayiş etdirirlər.
Qeyd edək ki, hazırda dünyanın 18 ölkəsində 29 Azərbaycan Evi fəaliyyət göstərir. Azərbaycan Evləri həqiqətlərimizin dünyaya çatdırılmasında, soydaşlarımızın tarix və mədəniyyətimizi öyrənmələrində ciddi rol oynayan, bayram və hüzn günlərində birliyimizi nümayiş etdirən məkanlardır.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəza nəticəsində ümumilkdə 38 nəfər həlak olub. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır.