Son günlər Azərbaycanın qlobal proseslərdə aktivliyi müşahidə olunur. Analitiklərin fikrincə, rəsmi Bakı qaynar hadisələrin mərkəzində yer almağa, ziddiyyətli, hətta düşmən münasibətdə olan ölkələri bir araya gətirməyə başlayıb. Bu kontekstdə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İran, İsrail və Türkiyəyə səfərləri diqqət çəkib. Danışıqların trafiki göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev nəhəng prosesə start verib.
Yeni geopolitik kvartet – Azərbaycan-Türkiyə-İsrail-İran birliyi yaradılır?
Deputat Hikmət Babaoğlu deyib ki, Azərbaycan Cənubi Qafqaz regionunda yaratdığı reallıq ilə diqqət çəkir
“44 günlük müharibədən sonra bölgədə formalaşmış yeni paradiqmal dəyişikliklər hətta Yaxın Şərq regionu üçün də aktualdır. Bu isə beynəlxalq münasibətlər sisteminin regional təhlükəsizilk çağırışları ilə üst-üstə düşür. Tarixi təcrübə göstərir ki, geniş mənada regional təhlükəsizlik sadəcə burada yerləşən ölkələrin iştirakı və razılaşması əsasında baş tutursa, daha uzunmüddətli və etibarlı olur. Əks təqdirdə, kənardan müdaxilələr qaçılmazdır. Bu gün isə Azərbaycan bu tarixi analitik yanaşmadan çıxış edərək yeni regional kvartet yaratmağa çalışır. Uzun müddətdir İran, Türkiyə və region ölkələri ilə İsrailin zədələnmiş etimad mühitinin yenidən inşa edilməsi üçün aparıcı təşəbbüslərə ehtiyac var. Diplomatik təmaslar kövrək görünsə də, bu istiqamətdə Azərbaycanın atdığı ilkin addımlar nəticə göstərəcək. Bütün region ölkələr qazanmış olacaq”.
Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli isə bildirib ki, hazırda Azərbaycanla İran arasında dövlətlərarası münasibətlərin yenidən dizayn olunmasına ehtiyac var:
“Ümumiyyətlə, İran son üç-dörd il ərzində baş verən hadisələrdən dərs çıxarmış kimi görünür. Bu ölkənin mərhum prezidenti İbrahim Rəisinin dövründə də peşmanlıq bariz şəkildə hiss olunurdu. Lakin onun ölümü prosesləri gecikdirdi. Fikrimcə, Qarabağ zəfəri İrandakı azərbaycanlıların düşüncəsini, təfəkkürünü və inamını dəyişdirdi. Daha dəqiq desək, güney azərbaycanlıları şimalmərkəzli düşüncəyə yönəltdi. Məsud Pezeşkianın hakimiyyətə gəlməsi ilə bu proses məntiqi baxımdan tamamlandı. Hazırda müəyyən obyektiv problemlər olsa da, bu konfiqurasiyada İranda hakimiyyət daha çox türkyönlü şəxslərə keçdi”.
Ekspert qeyd edib ki, Azərbaycan yaxın qonşularını geopolitik nizamda birləşdirmə funksiyasına start verib:
“Bunun kortaqrafik nöqtələrindən biri Suriya, digəri İsrail, İraq, Türkiyədir. Aralıq dənizi regionuna baxdıqda Türkiyənin Şimali Afrikadakı təsiri də diqqət çəkir. İndiki məqamda İsraillə İranı bir yerdə təsəvvür etmək çətindir. Amma Azərbaycan burada körpü rolunu oynayır”.
Globalinfo.az