ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəlməsi və geosiyasətdəki dəyişikliklər fonunda Avropa İttifaqı (Aİ) Türkiyəni yenidən silahlanma planlarına cəlb edə bilər.
1xeber.media xəbər verir ki, bu barədə martın 24-də avropalı diplomatlara istinadən Euractiv nəşri məlumat yayıb.
Nəşrin məqaləsində qeyd olunur ki, Avropa Komissiyası 150 milyard avroluq tamamilə yeni müdafiə proqramı olan Avropa üçün Təhlükəsizlik Fəaliyyəti (SAFE) çərçivəsində Avropa İttifaqı (Aİ) ilə daha sıx əməkdaşlıq üçün Böyük Britaniya, Türkiyə və Norveç də daxil olmaqla üçüncü ölkələrə qapı açıb.
Adı açıqlanmayan Aİ diplomatları nəşrə bildiriblər ki, Trampın hakimiyyətə qayıdışı və geosiyasi dəyişikliklər Aİ ilə Ankara arasında daha sıx əlaqələrə baxışı dəyişib. Bir çox avropalı rəsmilər hesab edir ki, Avropa Birləşmiş Ştatlardan asılılığını əvəz etmək üçün tərəfdaşlar dairəsini genişləndirməli olacaq.