Milli Məclisin sədri Sahibə Qafarova Rusiyaya işgüzar səfər edib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti noyabrın 20-də Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfər edib.
1xeber.media Milli Məclisdən verilən məlumata görə, nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura və 57-ci Plenar iclaslarında iştirak edəcək.
Nümayəndə heyətini Sankt-Peterburq Qanunvericilik Məclisinin Qanunvericilik komitəsinin sədri Vsevolod Fedoroviç Belikov və MDB PA Şurasının baş katibi Dmitri Arkadyeviç Kobitski, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın MDB PA-nın Şura və 57-ci Plenar iclaslarında çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.