"İsrail ərazisinə endirilən zərbələr İran hərbçiləri tərəfindən zəruri hesab olunduğu müddətcə davam edəcək".
2xeber.media xəbər verir ki, bunu İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Məhacirani deyib.
"Nə qədər ki, silahlı qüvvələrimiz bunu zəruri hesab edir, bu cavab davam edəcək və hökumət silahlı qüvvələrin qərarlarını tam dəstəkləyəcək. Biz ali rəhbəri və onun qərarlarını dəstəkləyirik", - deyə Nazirlər Kabinetinin nümayəndəsi bildirib.
İranın Ali Milli Təhlükəsizlik Şurası İsrailə növbəti hücumlara hazır olduğunu elan edərək, yeni zərbələr üçün ölkədaxili hazırlıqların başa çatdırılmasının zəruriliyini qeyd edib.
Qeyd edək ki, İsrailin İrana qarşı iyunun 13-də gecə həyata keçirdiyi hərbi əməliyyatın məqsədi nüvə və hərbi obyektlərin məhv edilməsi olub. Buna cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu "Həqiqi vəd 3" əməliyyatını həyata keçirərək İsrailə raket hücumu həyata keçirib.