Rəsmi qurumlar tərəfindən məsələ ilə bağlı hələlik konkret açıqlama verilməsə də, COP-29 tədbirindən sonra sərhədlərin açılacağı bildirilir.
Maraqlıdır, iddialar nə dərəcədə doğrudur? Quru sərhədləri yaxın günlərdə açıla bilərmi?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, hazırda sərhədlərin açılması ilə bağlı yayılan məlumatlar müsbət gözləntilər yaratsa da, rəsmi təsdiq olmadan konkret fikir bildirmək çətindir:
“Qeyd etmək lazımdır ki, cənab prezident parlamentdə çıxışında bu məsələyə toxundu və öz fikirlərini bildirdi. Burda çox ciddi təhlükəsizlik məsələləri var. Bunu bilməyən insanlar davamlı olaraq hansısa məsələləri qaldırıb dövləti ittiham etməyə çalışırlar. Bu qərar təhlükəsizlik, regional sabitlik və digər strateji səbəblərlə əlaqələndirilir. Biz təhlükəsizliyimizi heç bir şeyə qurban verə bilmərik. Bizim üçün ən başlıca məqsəd təhlükəsizliyimizdir”.
Deputat qeyd edib ki, Azərbaycanın quru sərhədlərinin açılması mümkündür, lakin bu, bir neçə faktordan asılıdır. Onun sözlərinə görə, regionda ciddi qarşıdurmalar var, müharibələr davam edir:
“Sərhədlərin açılması hələki mümkün deyil. Bizim vətəndaşlarımız buna anlayışla yanaşmalıdır. İnsanlar xaricə getmək istəyir. Bu gün hər bir ölkə üçün onun təhlükəsizliyi, daxili və ictimai-siyasi sabitliyi çox önəmlidir. Buna görə də hələki belə bir məsələ müzakirə olunmur. Bizim hazırda prioritet sahəmiz stabilliyi qorumaqdır. Gələcəkdə ehtiyac olarsa, bu kimi məsələlər nəzərdən keçirilə bilər”.
Ceyhun Məmmədov əlavə edib ki, bu gün bu məsələ müzakirə mövzusu deyil, buna görə vərəndaşlardan bu mövzuya səbr və təmkinlə yanaşmalarını gözləyirik.ajans.az