İsrail hücumlarını davam etdirdiyi müddətdə Tehran heç kimlə danışıqlar aparmayacaq.
1xeber.media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
İran Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb: “Mövcud şəraitdə sionist rejimin İrana hücumu davam etdiyi bir vaxtda biz heç kimlə danışıqlar aparmaq istəmirik”.
Əraqçinin sözlərinə görə, ABŞ İrana “ciddi mesajlar” verib. Diplomatik departamentin rəhbəri qeyd edib ki, Tehran buna cavab olaraq İsrailin zərbələri dayandırılmayana qədər “dialoq və diplomatiyadan söhbət gedə bilməz” olduğunu açıq şəkildə bildirib.
Bundan əvvəl məlum olub ki, İsraillə münaqişə başlayandan sonra Əraqçi ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffla bir neçə dəfə birbaşa telefon danışığı aparıb.