ABŞ prezidenti Donald Tramp nəinki siyasətdən getməyəcək, həm də qanuni məhdudiyyətlərə baxmayaraq, 2028-ci ildə üçüncü müddətə namizəd olacaq.
1xeber.media Financial Times - a istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin keçmiş müşaviri, Trampizmin əsas ideoloqlarından biri Stiv Bannon deyib.
"Tramp getmir. O, uzun müddət sizin beyninizdə olacaq", - siyasi strateq qeyd edib.
Bannon həmçinin Trampı Corc Vaşinqton və Abraham Linkolnla müqayisə edib. Onun fikrincə, Vaşinqton Amerika respublika sisteminin əsasını qoyub, Linkoln onu qoruyub saxlayıb, Tramp isə indi respublikanın dirçəlişi ilə məşğuldur.
Bundan əvvəl Amerika lideri 2028-ci ildə üçüncü müddətə namizəd olmaq imkanını nəzərdən keçirəcəyini bildirmişdi. O, şüarının “Tramp 2028: solu dəli et” ifadəsi olacağını əlavə edib.