2025-ci ilin 7 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 302 müraciət daxil olub.
1xeber.media xəbər verir ki, bu barədə Modern.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, müraciət edənlərin 68-i psixi, 21-i iqtisadi, 207-si fiziki, 6-sı cinsi zorakılığa məruz qalıb.
Komitədən verilən məlumata görə, məişət zorakılığına məruz qalanların 35-i kişi, 286-sı qadın, 253-ü uşaq (149-u oğlan, 104-ü qız) olub:
“Kişilər daha çox psixi, bəzi hallarda iqtisadi zorakılığa məruz qalıblar. Onların müraciətləri əsasən uşaqları ilə ünsiyyət, uşaq tələbi, uşaqlara anaları tərəfindən zorakılıq edilməsilə bağlı olub”.
Dövlət Komitəsinə 2024-cü il ərzində uşaqlara qarşı törədilən zorakılıq halı ilə bağlı 455 müraciət daxil olub.
“2025-ci ilin ilk 7 ayı ərzində isə 258 müraciət qeydə alınıb. Onlardan 152-si oğlan, 106-sı qız uşaqlarına qarşı törədilmiş zorakılıq hallarıdır”,- qurumdan bildirilib.