1xeber.media xəbər verir ki, Tayland polisinin Pxuketdə keçirdiyi əməliyyat zamanı ABŞ-ın sorğusu əsasında Rusiya vətəndaşı — beynəlxalq kiberhücumlarda şübhəli bilinən bir şəxs saxlanılıb.
Hakimiyyət nümayəndələri onun “dünya səviyyəli haker” olduğunu və ABŞ və Avropanın dövlət infrastrukturuna qarşı hücumlarda iştirak etdiyini bildirirlər.
Şübhəli şəxs Talang rayonundakı oteldə ələ keçirilib. Axtarış zamanı noutbuklar, mobil telefonlar və kriptocüzdanlar müsadirə olunub. Təqsirləndirilən şəxs hazırda nəzarət altındadır və Tayland Baş Prokurorluğu ekstradisiya proseduruna start verib.
İstintaq məlumatlarına görə, saxlanılan şəxs 35 yaşlı rusiyalı hərbi kəşfiyyat zabiti Aleksey Lukaşevdir — GRU-nun 26165 saylı hərbi hissəsində xidmət edən baş leytenant. Onun adı ABŞ Federal Təhqiqat Bürosunun kiberhücumlarda ittiham edilən və axtarılan 40 rusiyalı arasında yer alır.
ABŞ xüsusi xidmət orqanları Lukaşevin 2016-cı il prezident seçkiləri zamanı Demokrat Partiyasının serverlərinə hücumda və Qərb qurumlarına qarşı genişmiqyaslı kiberkampaniyaların koordinasiyasında iştirak etdiyini iddia edir.

















