Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Qriqori Karasin İsrailin Livanın cənubundakı Rusiya Mədəniyyət Evini dağıtması xəbərinin təəssüf doğurduğunu bildirib.
1xeber.media xəbər verir ki, senator bunu Lenta.ru-ya verdiyi müsahibədə bildirib.
"Bunu ilk dəfə eşidirəm. Əgər doğrudursa, təəssüf doğurur. İsrail silahlı qüvvələri əlavə məsuliyyət yükü daşıyır. Əlbəttə ki, İsrail və Rusiya Evlərinə qarşı güc tətbiq edən digər dövlətlərlə münasibətlərimizin sonrakı təhlilində bunu nəzərə alacağıq", - deyə Karasin cavab verib.
Bir müddət əvvəl Rossotrudniçestvo rəhbəri Yevgeni Primakov İsrailin Livandakı tərəfdaş Rusiya Evinə hücum etdiyini bildirmişdi. O, mədəniyyət mərkəzinin direktoru Əsəd Diyanın sağ və salamat olduğunu əlavə etmişdi. Primakov həmçinin mədəniyyət mərkəzində heç bir hərbi fəaliyyətin baş vermədiyini bildirib.
Mərkəzin direktoru Əsəd Diya Livandakı Rus Evinin İsrailin zərbələri nəticəsində tamamilə dağıdıldığını bildirib.

















