Ölkəmizin tarixində kədərli, məğlubiyyət səhifələri olduğu kimi şanlı, zəfər dolu səhifələr
də tariximizə həkk olunmuşdur. Bu şanlı səhifələrdən biri də 28 May-Müstəqillik Günüdür.
Azərbaycan tarixində qürurlu iz qoyan və 1918-ci il 28 may tarixində Məhəmməd Əmin
Rəsulzadənin başçılığı altında azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi,
dünyəvi və parlamentli respublikasını yaradıb. Şərqdə və müsəlman aləmində ilk demokratik
dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək,
xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən
qəbul edilən İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.
Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyaraq öz müqəddəratını
təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay mövcud
olsa da, ölkədə dönüş nöqtəsi yaratdı. Bu dövr ərzində qalibiyyətlər, nailiyyətlər əldə edilmiş,
dövlətin, xalqın mənafeyi üçün mühüm qərarlar, qanunlar qəbul edilmişdir. Bu Cümhuriyyət
demokratiyanın formalaşmasında, bərqərar olunmasında mühüm rol oynamışdır. Təbii olaraq
dövlətin qurulması onun mühüm atributlarının yaranmasını da tələb edirdi. 1918-ci il 9 noyabr
tarixində Məhəmməd Əmin Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik
Respublikasının üç rəngli bayrağı qəbul edilmişdir.
Hər bir dövlətin təməlini təşkil edən Milli Ordu qurulması da Cümhuriyyətin mühüm
fəaliyyətlərindən biri olmuşdur. Beləliklə, 1918-ci il 26 iyun tarixində ilk dəfə Azərbaycan Milli
Ordusunun yaradılmasına başlandı. Bu, dövlətin müdafiəsini təmin etmək üçün çox vacib
addım idi.Onu da qeyd edim ki, AXC-dən miras qalmış bu tarix bu gün də böyük təntənə ilə
qeyd edilir.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti yalnız siyasi, hərbi məsələlər deyil, xalqın
milli kimliyinin qaytarılmasında, demokratik dəyərlərin təsis edilməsində, ana dilimizin elan
edilməsi, təhsil, səhiyyə, mədəniyyət və s. kimi məsələlər də diqqət mərkəzində olmuş,
mühüm fəaliyyətlər həyata keçirilmişdir. Belə ki, ilk dəfə qadınlara seçim hüququ tanıyan və
qadın–kişi bərabərliyini təmin edən, milli pul, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr ,
Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edildi, digər ali və orta təhsil
müəssisələrinin, habelə mədəniyyət ocaqlarının açılması üçün hazırlıqlar görülmüşdür.
Beləliklə, sadəcə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində
bir çox uğurlar, nailiyyətlər əldə etmiş və bir sıra məsələlərdə ilkə imza atmışdır.
Azərbaycan tarixinin mühüm hadisəsi olaraq 1991-ci il oktyabrın 18-də “Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur.
Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və
Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir.
Və 1990-cı ildən Respublika günü – dövlət müstəqilliyinin bərpa edilməsi günü dövlət bayramı
kimi qeyd edilir.
Ölkəmizin tarixində baş verən bütün çətinliklərə baxmayaraq Azərbaycan 1991-ci il 18
oktyabr tarixində yenidən öz müstəqilliyinə qovuşdu. Çətin tarixi şərait də olsa Azərbaycan öz
müstəqilliyini qorumağı bacardı. Təbii ki, bu mühüm nailiyyət Ulu Öndər Heyər Əliyevin uğurlu
siyasətinin nəticəsidir. Ölkənin ictimai-siyasi həyatındakı çətinliklərə, daxili münaqişələrə,
Ermənistanın torpaqlarımıza qarşı təcavüzünə baxmayaraq bu dövlət xilas olmağı bacardı.
Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda hər bir sahədə inkişaf, təkmilləşmə baş
verdi. Bildiyimiz kimi Ümummilli liderin tək məqsədi işğalda olan torpaqlarımızın azad
olmasıdır və görülən hər bir fəaliyyət, tədbirlər, qərarlar ölkənin gələcəyinin inkişafı,
çiçəklənməsi üçün atılmış addımlardır.
Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətini Prezident İlham Əliyev layiqli şəkildə
davam etdirdi. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan şanlı Azərbaycan
bayrağı 30 ildən çoxdur işğalda olmuş azad Qarabağımızın hər bir guşəsində dalğalanır.
Prezident İlham Əliyevin 2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında”
Azərbaycan Respublikasının Qanunu qəbul olmuşdur. Sözügedən Qanunla 28 May
Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. 28 may
tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit
olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına
əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş
Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik,
hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial
islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial
müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Azərbaycanın öz ərazi bütövlüyünü,
suverenliyini təmin etməsi ilə ölkəmizin inkişafı daha sürətli şəkildə davam edir.
Bütün bunlar bir daha göstərdi ki, AXC-nin varisi olan Azərbaycan dövləti hər zaman öz
müstəqilliyini, əbədiliyini qorumağa qadirdi.
Mərdan Əlizadə,
Sabirabad Dövlət Sosial İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini
















