Azərbaycan mətbuatı 151 yaşını qeyd edir. 1875-ci il iyulun 22-də Həsən bəy
Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuat ənənəsi yeni bir dövrün
başlanğıcı oldu. “Əkinçi” Azərbaycan cəmiyyətində maarifçilik ideyalarının yayılmasına, milli
kimliyin formalaşmasına və ictimai fikrin inkişafına güclü təsir göstərdi. Müstəqillik dövründə
isə Azərbaycan mediası keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli lider
Heydər Əliyevin həyata keçirdiyi media siyasəti, xüsusilə 1998-ci ildə senzuranın ləğv edilməsi
ölkədə söz və mətbuat azadlığının inkişafına mühüm təkan verdi. Bunun nəticəsində
Azərbaycan jurnalistikası daha müasir prinsiplər əsasında formalaşdı, cəmiyyətin
məlumatlandırılmasında və ictimai nəzarətin təmin olunmasında rolunu daha da gücləndirdi.
Sonrakı illərdə qanunvericilik bazasının təkmilləşdirilməsi, informasiya texnologiyalarının
inkişafı və media institutlarının güclənməsi milli mətbuatın rəqabət qabiliyyətini artırdı.
Bu gün Azərbaycan mediası dövlətin beynəlxalq informasiya siyasətinin mühüm
iştirakçılarından biridir. Müasir dövrdə informasiya təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz
hissəsinə çevrilib. Əgər əvvəllər müharibələr əsasən silahlarla aparılırdısa, indi informasiya
məkanı da əsas döyüş meydanlarından biri hesab olunur. Dezinformasiya, saxta xəbərlər,
manipulyasiya texnologiyaları və sosial şəbəkələr vasitəsilə aparılan psixoloji təsir
kampaniyaları dövlətlər üçün ciddi çağırış yaradır. Bu reallıq 2020-ci ildə 44 günlük Vətən
müharibəsində özünü xüsusilə qabarıq göstərdi. Azərbaycan döyüş meydanında tarixi Zəfər
qazandığı kimi, informasiya cəbhəsində də üstünlüyünü qorudu. Azərbaycan mediası
beynəlxalq ictimaiyyəti operativ cə dəqiq informasiya ilə təmin etdi, düşmən tərəfindən yayılan
çoxsaylı dezinformasiyaların ifşasında fəal rol oynadı. Dünyanın aparıcı media qurumları
hadisələrlə bağlı operativ və dəqiq məlumatları əsasən Azərbaycan mənbələrindən əldə
edirdi. Dövlət qurumlarının, xüsusilə Prezident İlham Əliyevin xarici mediaya verdiyi çoxsaylı
müsahibələr informasiya müharibəsində Azərbaycanın mövqeyini beynəlxalq ictimaiyyətə
çatdırmaq baxımından mühüm rol oynadı.
İnformasiya müharibəsi hərbi əməliyyatların başa çatması ilə bitməyib. Əksinə,
postmünaqişə dövründə bu mübarizə daha mürəkkəb xarakter alıb. Bu gün Azərbaycan
haqqında qərəzli məlumatların yayılması, tarixi faktların təhrif edilməsi və ölkəmizə qarşı
müxtəlif informasiya kampaniyalarının aparılması göstərir ki, media daim ayıq-sayıq olmalı,
peşəkarlıq və məsuliyyət prinsiplərinə sadiq qalmalıdır.
Süni intellekt, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə medianın
qarşısında yeni və daha mürəkkəb vəzifələr dayanır. Süni intellekt vasitəsilə hazırlanmış saxta
görüntülər, kiberhücumlar və informasiya manipulyasiyası jurnalistikanın fəaliyyətinə yeni
risklər gətirib. Bu şəraitdə operativlik qədər dəqiqlik, xəbərin ilk verilməsi qədər onun
doğruluğunun yoxlanılması da əsas peşə meyarına çevrilir. Media savadlılığının artırılması,
faktların yoxlanılması mexanizmlərinin gücləndirilməsi və rəqəmsal təhlükəsizliyin təmin
edilməsi bütövlükdə cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir.
Bu reallıqlar fonunda artıq 4-cü ildir keçirilən Şuşa Qlobal Forumu bir da vacib əhəmiyyət kəsb
edir.
Bu gün müasir media təkcə informasiya daşıyıcısı deyil, həm də ictimai etimadın, dövlət
təhlükəsizliyinin və beynəlxalq kommunikasiyanın mühüm elementidir.
Bu gün Azərbaycan mediasının qarşısında duran əsas vəzifələrdən biri peşəkarlıq,
obyektivlik və dövlətçilik prinsiplərini qorumaqdır. Saxta xəbərlərin qlobal miqyas aldığı,
informasiya manipulyasiyalarının geniş yayıldığı şəraitdə cəmiyyətin etibarlı informasiya ilə
təmin olunması xüsusi əhəmiyyət kəsb edir. Milli media həm vətəndaşların düzgün məlumat
almaq hüququnu təmin etməli, həm də ölkənin milli maraqlarını beynəlxalq informasiya
məkanında layiqincə müdafiə etməlidir.
Təəssüf ki, bəzi hallarda xarici təsir mərkəzlərinin media üzərindən ictimai rəyə təsir
göstərmək, dövlətə və cəmiyyətə qarşı manipulyasiya aparmaq cəhdləri müşahidə olunur.
Məqsəd Azərbaycanın beynəlxalq imicinə xələl gətirmək, həyata keçirdiyi siyasətlə bağlı mənfi
rəy formalaşdırmaq və regionda yaranmış yeni reallıqlara kölgədə salmaqdır. İnformasiya
texnologiyalarının sürətli inkişafı, sosial media platformalarının geniş auditoriyaya çıxışı və
süni intellekt imkanlarının artması bu cür manipulyasiya cəhdlərini daha mürəkkəb və təsirli
edir. Lakin Azərbaycan milli mətbuatı tarix boyu olduğu kimi, bu gün də dövlətçilik maraqlarını
əsas prioritet hesab edir və milli maraqları hər cür şəxsi və ya qrup maraqlarından üstün tutur.
Azərbaycan jurnalistikasının çoxəsrlik ənənəsi göstərir ki, milli mətbuat ən çətin sınaqlardan
belə peşəkarlıq və məsuliyyətlə çıxmağı bacarıb.
Prezident İlham Əliyevin vurğuladığı kimi, “Biz vahid siyasət aparırıq. Dövlət və media
milli maraqları müdafiə edir. Ümummilli məsələlərdə heç bir kənar fikir ola bilməz.” Bu
yanaşma müasir dövrdə Azərbaycan mediasının fəaliyyət fəlsəfəsini də ifadə edir. Çünki güclü
dövlətin güclü mediası yalnız informasiyanı çatdıran deyil, həm də həqiqəti qoruyan, milli
maraqları müdafiə edən və cəmiyyətin etibarlı informasiya təminatını həyata keçirən mühüm
institutdur.
Fərid Ağayev,
Sabirabad RİH başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi,
ictimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi
















