Azərbaycan–Özbəkistan münasibətləri yalnız iki dövlət arasındakı dostluq və tərəfdaşlıq
nümunəsi deyil, həm də Türk dünyasının birlik və həmrəyliyinin möhkəmlənməsinə, regional
sabitliyin və iqtisadi inteqrasiyanın gücləndirilməsinə xidmət edən mühüm strateji amildir.
Azərbaycan və Özbəkistan Türk dünyasının siyasi, iqtisadi və mədəni potensialının daha da
gücləndirilməsini, türk dövlətləri arasında inteqrasiyanın dərinləşdirilməsini və ortaq dəyərlərin
gələcək nəsillərə ötürülməsini mühüm prioritetlərdən biri kimi qəbul edir. Eyni zamanda,
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə, xüsusilə Özbəkistanla münasibətlərinin dinamik
inkişafı regionlararası əlaqələrin genişlənməsinə və yeni əməkdaşlıq imkanlarının
yaranmasına mühüm zəmin yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli
İnformasiya Agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər Azərbaycan–Özbəkistan
münasibətlərinin mahiyyətini və gələcək perspektivlərini aydın şəkildə ortaya qoyur. Dövlət
başçısının vurğuladığı kimi, iki ölkə arasında münasibətlər yalnız ikitərəfli əlaqələrlə
məhdudlaşmır. Azərbaycan və Özbəkistan regional və beynəlxalq platformalarda bir-birini
dəstəkləyən, ortaq maraqları müdafiə edən və Türk dünyasının birliyinin
möhkəmləndirilməsinə töhfə verən iki qardaş dövlət kimi çıxış edir. Bu münasibətlərin əsasını
ilk növbədə xalqlarımızı birləşdirən tarixi, mədəni və mənəvi bağlar təşkil edir. Azərbaycan və
Özbəkistan xalqları əsrlər boyu eyni sivilizasiya məkanında yaşamış, oxşar adət-ənənələri,
zəngin ədəbi və mədəni irsi bölüşmüşlər. Bu ümumi irs müasir dövrdə dövlətlərarası
münasibətlərin inkişafı üçün möhkəm mənəvi zəmin yaradır.
Azərbaycan və Özbəkistan arasında əlaqələrin hazırkı səviyyəsi uzun illər ərzində
formalaşmış qarşılıqlı etimadın nəticəsidir. İki ölkənin rəhbərləri arasında mövcud siyasi dialoq
münasibətlərin bütün istiqamətlər üzrə inkişafına mühüm stimul verir. Azərbaycanın xarici
siyasətində Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin inkişafı xüsusi yer tutur. Özbəkistan isə
bu siyasətdə mühüm tərəfdaşlardan biridir. Ölkələr arasında siyasi əlaqələrin yüksək səviyyəsi
iqtisadiyyat, investisiya, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm və mədəniyyət
kimi çoxsaylı sahələrdə əməkdaşlığın genişlənməsinə imkan yaradıb.
Azərbaycan və Özbəkistanın bir-birini beynəlxalq təşkilatlarda dəstəkləməsi də münasibətlərin
mühüm xüsusiyyətlərindən biridir. Prezident İlham Əliyevin “iki qardaş ölkənin bütün
məsələlərdə bir-birini daim dəstəkləməsi” barədə fikri məhz bu qarşılıqlı etimadın siyasi
ifadəsidir. Belə dəstək həm ikitərəfli münasibətlərin möhkəmlənməsinə, həm də Türk dövlətləri
arasında həmrəyliyin güclənməsinə xidmət edir.
Azərbaycan–Özbəkistan münasibətlərində Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq
xüsusi əhəmiyyət daşıyır. TDT yalnız siyasi və iqtisadi əməkdaşlıq platforması deyil, eyni
zamanda ortaq tarixə, dilə, mədəniyyətə və mənəvi dəyərlərə malik xalqları bir araya gətirən
strateji birlikdir. Azərbaycan və Özbəkistan TDT-nin gücləndirilməsində fəal rol oynayan
dövlətlərdəndir. Qəbələdə keçirilmiş TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü də
təşkilatın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli hadisə
kimi qiymətləndirilir. Zirvə çərçivəsində siyasi, iqtisadi, nəqliyyat, təhlükəsizlik və digər
sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
TDT-nin inkişafı Türk dünyasının beynəlxalq münasibətlər sistemində daha fəal və təsirli
aktora çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistanın bu
prosesə verdiyi töhfələr isə xüsusilə diqqətəlayiqdir. Hər iki ölkə təşkilatı yalnız dövlətlərarası
əməkdaşlıq mexanizmi kimi deyil, ortaq tarixi və mədəni irsin gələcək nəsillərə ötürülməsi
üçün mühüm platforma kimi qəbul edir. Bu baxımdan TDT çərçivəsində siyasi dialoqun
dərinləşdirilməsi ilə yanaşı, iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı,
təhsil və elm sahəsində mübadilələrin artırılması, mədəni-humanitar layihələrin həyata
keçirilməsi də xüsusi əhəmiyyət daşıyır.
Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində nəzərəçarpacaq
dinamika müşahidə olunur. Bu əlaqələr artıq yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil,
daha geniş regional və geosiyasi perspektivdə nəzərdən keçirilir. Azərbaycan ilə Mərkəzi
Asiya dövlətlərini birləşdirən tarixi və mədəni yaxınlıq bu əməkdaşlığın mühüm dayaqlarından
biridir. Bununla yanaşı, müasir dövrün reallıqları ölkələr qarşısında yeni iqtisadi, nəqliyyat,
enerji və təhlükəsizlik imkanları yaradır. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin
müttəfiqlik və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi regional əməkdaşlığın yeni modelinin
formalaşmasına şərait yaradır. Bu model qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə
dəstək, iqtisadi maraqların uzlaşdırılması və uzunmüddətli tərəfdaşlıq prinsiplərinə əsaslanır.
Azərbaycan və Özbəkistanın münasibətlərinin inkişafı bütövlükdə Türk dünyasının gələcəyi
üçün mühüm əhəmiyyət kəsb edir. Türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsi həm
iqtisadi potensialın birləşdirilməsinə, həm də beynəlxalq məsələlərdə daha koordinasiyalı
mövqenin formalaşmasına imkan yaradır. Bu prosesdə Azərbaycan və Özbəkistanın rolu
xüsusilə böyükdür. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada
tutduğu mövqe onların regional əməkdaşlığın əsas dayaqlarından birinə çevrilməsinə imkan
verir.
Azərbaycan və Özbəkistan arasındakı münasibətlər müasir beynəlxalq münasibətlər
sistemində uğurlu qardaşlıq və strateji tərəfdaşlıq nümunələrindən biridir. Bu əlaqələrin gücü
yalnız dövlət başçıları arasında siyasi dialoqla deyil, iki xalqı birləşdirən tarixi, mədəni və
mənəvi bağlarla şərtlənir. Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər göstərir
ki, Azərbaycan–Özbəkistan münasibətlərinin gündəliyi getdikcə genişlənir. İki ölkə arasında
siyasi qarşılıqlı dəstək, iqtisadi əməkdaşlıq, nəqliyyat-logistika imkanlarının inkişafı, təhsil və
mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi ümumi strateji maraqlara xidmət edir.
Kamran Nəsirov,
Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin direktoru

















