Müasir beynəlxalq münasibətlər sistemində ölkələr arasında etibarlı siyasi əlaqələrin
qurulması və bu əlaqələrin konkret əməkdaşlıq istiqamətləri ilə zənginləşdirilməsi xüsusi
əhəmiyyət daşıyır. Azərbaycanın xarici siyasəti də qarşılıqlı hörmətə, suverenliyə və
bərabərhüquqlu tərəfdaşlığa əsaslanaraq müxtəlif regionlarla əlaqələrin genişləndirilməsini
nəzərdə tutur. Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin oktyabrın
13-də Azərbaycana rəsmi səfəri bu siyasətin Asiya istiqamətində davam etdirilməsi və ikitərəfli
münasibətlərin yeni imkanlarla zənginləşdirilməsi baxımından mühüm önəm kəsb edir.
Prezident İlham Əliyevin səfər çərçivəsində mətbuata verdiyi bəyanat rəsmi Bakı ilə
Vyentyan arasında münasibətlərin yalnız ənənəvi dostluq əlaqələri ilə məhdudlaşmadığını
təsdiqləyir. 30 ildən artıqdır davam edən diplomatik münasibətlər, beynəlxalq təşkilatlarda
qarşılıqlı dəstək, parlamentlərarası təmaslar və siyasi partiyalar arasında əməkdaşlıq tərəflərin
bir-birinə olan etimadını əks etdirir. Hər iki ölkədə parlamentlərarası dostluq qruplarının
fəaliyyət göstərməsi də əlaqələrin müxtəlif səviyyələrdə inkişafına verilən önəmi nümayiş
etdirir. Qəbul edilmiş Birgə Bəyanatın gələcək əməkdaşlığın əsas istiqamətlərini
müəyyənləşdirməsi isə bu münasibətlərin daha praktik məzmun qazanmasına xidmət edir.
Sənəddə nəzərdə tutulan istiqamətlərin ardıcıl şəkildə həyata keçirilməsi siyasi dialoqun
davamlılığını təmin etməklə yanaşı, yeni birgə təşəbbüslərin irəli sürülməsi üçün də əlverişli
şərait yaradacaqdır. Bu baxımdan, qarşılıqlı etimada əsaslanan siyasi münasibətlər
Azərbaycan və Laos arasında uzunmüddətli tərəfdaşlığın genişləndirilməsi üçün etibarlı zəmin
rolunu oynayır.
İki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi qarşıda duran əsas vəzifələrdən
biridir. Biznes dairələri arasında birbaşa əlaqələrin qurulması, sahibkarların qarşılıqlı bazarlar
barədə məlumatlandırılması və investisiya imkanlarının araşdırılması xüsusi əhəmiyyət
daşıyır. Bakıda keçirilməsi nəzərdə tutulan Laos-Azərbaycan biznes-forumu iqtisadi
tərəfdaşlığın konkret istiqamətlərini müəyyənləşdirmək üçün əlverişli platforma olacaqdır.
Azərbaycanın beynəlxalq investisiya fəaliyyətində qazandığı təcrübə də ikitərəfli
əlaqələrin genişləndirilməsi üçün imkanlar yaradır. Müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran
layihələrin müəyyənləşdirilməsi iqtisadi münasibətlərin daha dinamik inkişafına şərait
yaradacaq. Burada əsas məsələ mövcud imkanların real iqtisadi təşəbbüslərə çevrilməsi,
investorlara konkret layihələrin təqdim olunması və uzunmüddətli tərəfdaşlıq mexanizmlərinin
formalaşdırılmasıdır. Dövlət başçısının qeyd etdiyi kimi, energetika, mədənçilik, kənd
təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq imkanları müzakirə edildi: “Vahid mövqe ondan
ibarətdir ki, konkret addımlar atıldıqda bu məsələlərin hər biri nəticə verə bilər. Hər halda bizdə
belə imkanlar var və ən önəmlisi qarşılıqlı iradə var”.
Nəqliyyat və logistika sahəsi də əməkdaşlığın perspektivli istiqamətlərindəndir.
Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən nəqliyyat əlaqələrində oynadığı rol, müasir
infrastruktur imkanları və tranzit potensialı Laosla iqtisadi münasibətlərin genişləndirilməsi
üçün əlavə zəmin yaradır. Laosda dəmir yolu bağlantılarının inkişafı və gələcəkdə Trans-
Xəzər nəqliyyat marşrutuna çıxış imkanlarının nəzərdən keçirilməsi yükdaşımalar sahəsində
yeni perspektivlər vəd edir. Bu imkanların reallaşması tərəflər arasında ticarət əlaqələrinin
genişlənməsinə də müsbət təsir göstərəcəkdir.
Azərbaycan-Laos münasibətlərinin mühüm istiqamətlərindən biri də humanitar
əməkdaşlıqdır. Vaxtilə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil alması ölkələr
arasında formalaşmış tarixi əlaqələrin göstəricisidir. Təqaüd proqramlarının tətbiqi ilə bu
ənənənin yenidən canlandırılması gənclər arasında əlaqələrin güclənməsinə, bilik və təcrübə
mübadiləsinin genişlənməsinə imkan verəcəkdir. Bununla yanaşı, mina təhlükəsi ilə mübarizə
sahəsində əməkdaşlıq da xüsusi diqqət mərkəzindədir. Hər iki ölkənin bu problemlə bağlı
təcrübəsinin bölüşülməsi, müasir texnologiyaların tətbiqi və mütəxəssislərin hazırlanması
insanların təhlükəsizliyinin təmin olunmasına töhfə verəcəkdir.
Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəri iki ölkə arasında münasibətlərin
inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Səfər çərçivəsində aparılan
müzakirələr və əldə olunan razılaşmalar siyasi dialoqun iqtisadi, nəqliyyat və humanitar
sahələrdə konkret nəticələrlə tamamlanması üçün əlverişli zəmin yaradır. Qarşılıqlı maraqlara
əsaslanan təşəbbüslərin ardıcıl şəkildə həyata keçirilməsi Azərbaycanla Laos arasında
dostluq münasibətlərini daha geniş və dayanıqlı tərəfdaşlığa çevirəcəkdir.
Fuad Əliyev,
Sabirabad rayon sakini, gənc sahibkar













