“Rusiya ərazisində, Çeçenistanın paytaxtı yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin vurulması faktı bu gün bütün dünyanın gündəmində olan bir hadisədir. Hadisə zamanı baş verən faciənin miqyası son iki gündə Cənubi Koreyada baş vermiş təyyarə qəzaları nəticəsində yaşanan faciənin miqyası ilə müqayisə edilməyəcək qədər kiçikdir. Lakin Azərbaycana məxsus təyyarə qəzası mahiyyət etibarilə Cənubi Koreyada baş vermiş faciədən köklü şəkildə fərqlənir”.
Bu sözləri Globalinfo.az-a sabiq maliyyə naziri Fikrət Yusifov dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması barədə danışarkən bildirib.
O deyib ki, Cənubi Koreya təyyarəsində qəza texniki səbəbdən baş veribsə, Azərbaycan məxsus təyyarə Rusiya ərazisində bu ölkənin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub:
“Bu, faktdır və bunu heç kim dana bilməz. Prezident İlham Əliyevin sözləri ilə desək, bu, açıq-aydın faktı inkar etməkdir və burada gözdən pərdə asmaq cəhdləri həm cəfəngiyat, həm də ağılsızlıqdır. Cəfəngiyatdır ona görə ki, fakt ortadadı, ağılsızlıqdır – ona görə ki, bu yanaşma iki ölkə arasında münasibətlərə ciddi kölgə salmaq qədər təhlükəlidir.
Çox təəssüf ki, Rusiyanın siyasi elitası bu hadisənin baş vermə səbəblərini izah edərkən yanlış bir yol tutublar. Onlar nə etdiklərinin fərqində olmalıdırlar!”
Sabiq nazirin fikrincə, indiki dövrdə belə hadisələri gizlətmək mümkün deyil:
“Bunu anlamaq, səhvi etiraf etmək, yanlışa görə Azərbaycandan üzr istəmək əvəzinə, siyasi oyunbazlıq edən Rusiya siyasi dairələrinin rəsmlərinə üzümü tutub deyirəm: Azərbaycan dövləti onun insanları kimi səmimidir! Azərbaycan ona qarşı təxribatları və ikibaşlı oyunları heç vaxt qəbul etməyib – bu bir həqiqətdir. Azərbaycanla səmimi olun! Cənubi Qafqazda, Azərbaycan torpaqlarında yaratdığınız erməni dövləti bu gün sizi Qərbin ayaqları altına atıb. Gürcüstanda baş verənlər də sizin üçün yaxşı heç nə vəd etmir. Bu məkanda bir tək Azərbaycan sizin müttəfiqiniz statusundadır. Siz bu gün onu bu şəkildə aşağılamağa çalışmaqla nəyə nail olacağınızın fərqindəsinizmi?!
Xalqlara yuxarıdan aşağıya baxmaq, özünü hamıdan üstün tutmaq sizin milli bəlanızdır. Dəyişən dünyada yeni oyun qaydalarına riayət edərək yaşamaq lazımdır. Köhnə imperiya təfəkküründən əl çəkin və əgər gücünüz çatarsa, dost olmaq istədiyiniz Azərbaycanla kişi kimi, mərdcə davranın! Əgər bunu bacarmırsınızsa, bizimlə xalça altı oyunlar oynamayın, gerçək münasibətinizi ortaya qoyun, biz də işimizi bilək! Unutmayın, iki xalq arasında sevgi olmur, qarşılıqlı ehtiyaclar olur. Təyyarəmizi vurduqdan sonra Azərbaycana qarşı sərgilədiyiniz münasibət qarşılığında bizdən nə gözləyirsiniz? Öncə təyyarəni radioelektron mübarizə vasitələri ilə idarəolunmaz vəziyyətə salıb, sonradan ona atəş açaraq zədələyib sıradan çıxartmaq, nəhayət, hava gəmisinin yaxın olduğu 5 hava limanından birinə enməyə icazə verməyən tərəf bizim dostumuz ola bilərmi, sizcə? Siz baş vermiş hadisənin ətrafında törətdiyiniz siyasi əxlaqsızlıqla iki ölkə arasında formalaşmış münasibətləri ayaqlarınız altına atdınız! Öncə radioelektron mübarizə vasitələri ilə idarəolunmaz vəziyyətə salıb sonradan atəş açaraq zədələdiyiniz təyyarədə 67 insanın həyatının bir tükdən asılı vəziyyətdə olduğunu bilə-bilə, ona ən yaxın hava limanında oturmağa icazə verməmək qədər alçalmaq mükündürmü? Ancaq siz bu qədər alçalmağı bacardınız!”
Bundan başqa Fikrət Yusifov Xocalı soyqırımı ilə bağlı ruslara xatırlatma edib:
“Hazırda etdikləriniz sizlərə yaraşan hərəkətdir! Siz eyni “soyuqqanlıqla” ermənilərin Xocalıda törətdikləri vəhşiliklərə həmmüəlliflik etmişdiniz! Düşünürsünüz biz bunu və başımıza tarix boyu açdığınız bu qəbildən olan faciələri unutmuşuq? Xeyr, belə tarixi unudan xalqın gələcəyi olmaz! O səbəbdən başımıza gətirdiyiniz oyunları unutmaq haqqımız deyil! Sizdən bizə nə dost, nə də müttəfiq olar. Dostluq, müttəfiqlik kağız üzərində yazılmır, insanların qəlbində yer alır. Bizim qəlbimizdə isə bizə tarix boyu xəyanət edənlərə yer yoxdur! Onsuz da bu, belə idi. Son hadisə isə bir daha haqlı olduğumuzu təsdiqlədi.
İnsanlar haqqında belə deyirlər: hər kəs öz xarakterinin əsiridir! Sizlər isə bir millət olaraq xislətinizin əsirisiniz – iyrənc siyasi oyunlarla bəzənmiş, xalqları bir-birinə çaxnaşdırıb intriqalar salmaqla yoğrulmuş xislətinizin əsirisiniz! Bu xisləti dəyişmək mümkündürmü? Bax, bunun üzərində baş sındırın! Çünki Rusiyada bu gün hamı indiki hakimiyyət elitasına aid olan şəxslər kimi düşünmür. Belə düşünməyənlər ya Rusiyanı tərk edib gedir, ya da… Azərbaycanla normal qonşu münasibətləri saxlamaq istəyirsinizsə üzr istəyin və etiraf edin ki, bu yanlışı siz etmisiniz! Bunun təsdiqi olaraq qəza zamanı həyatını itirmiş insanların ailələrinə və yaralananlara kompensasiya ödəyin. “Azərbaycan Hava Yolları” QSC-ə vurduğunuz zərəri ödəyin! Onda biz də bir qədər toxtamış olarıq! Biz bu qəzada əsil qəhrəmanlıq nümayiş etdirmiş vətəndaşlarımızın əməllərini rəsmiləşdirdik! Biz Rusiya hava hücumundan müdafiə qüvvələrinin törətdiyi cinayəti ört-basdır etmək istəyənlərin üzünə öz ölümləri bahasına sərt şillə vurmuş pilotlarımızı və təyyarə bələdçisini xalqımızın Milli Qəhrəmanı zirvəsinə yüksəltdik. Siz də üzərinizə düşəni edin! Azərbaycan xalqından və Azərbaycan dövlətindən üzr istəyib, zəruri addımlar atın! Əks halda bizə əsas vermiş olacaqsınız düşünək ki, siz bu təyyarəni qəsdən əvvəlcədən düşünülmüş plan əsasında vurmusunuz, sadəcə, pilotlarımızın şücaəti sayəsində etdiyiniz cinayəti gizlədə bilmədiniz. Nəticədə bu planınız suya düşdü!”