Rauf Arifoğlu: . “Tutar-tutmaz” ideyası, iddiası ilə informasiya tarlasına söz səpirik"
"Yeni Müsavat" 35 yaşını qeyd edir
Və bu gün münasibəti ilə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu tədbirdə iştirak edən hər kəsə təşəkkür edib:
Sitat:
“Mən kollektivimizin üzvlərinə mənimlə birgə səngərdə qalan əsgər yoldaşı kimi baxıram. Yəni biz bu gün söz səngərindəyik. “Tutar-tutmaz” ideyası, iddiası ilə informasiya tarlasına söz səpirik. Nə yaxşı ki, Allah bizə bir şans verdi və millətimizə imzalarımızı tanıtdı, sevdirdi. Buna görə Allaha, taleyimizə, millətimizə, dövlətimizə minnətdarıq!
“Yeni Müsavat” mürəkkəb, çətin bir yoldan keçib. 20-30 ildən çox bizimlə bərabər işləyənlər bunu bilir, şahidi olublar. Biz bu yolun hamısında Azərbaycanın, doğru bildiyimizin, sevdiyimiz yanında olmuşuq. Biz jurnalistikaya aşiqik. Bizim eşqimiz, məhəbbətimiz qəzetçilikdir, jurnalistikadır. Nə yaxşı da ki, bizə başqa tale qismət olmayıb.
Bu günə qədər bir neçə yubileylərimiz ilə bağlı filmlər hazırlamışıq. 35 illiklə bağlı film hazırlayarkən düşündük ki, ilk kadrları Xankəndində çəkdik. Əvvəlki yubiley filmlərimizdən dünya boyda fərq bu oldu.
Qarabağ həmişə bizim milli ideologiyamız olub. İndi artıq bu milli ideologiyanın millətə təslimiyyətini yaşadıq. Xankəndinə getməyimizlə də bu mesajı verməyə çalışdıq. Hər şey Xankəndindən, o küçədən başlamışdı. Azərbaycan prezidenti ötən il oktyabrın 17-də Xankəndində bayrağımızı qaldırmaqla hər şeyin başlandığı o yerdən həmin iddiaları bitirdi və Azərbaycanı böyütdü. Yəni biz Avropanın orta dövləti boyda bir ərazini geriyə aldıq, son 200 illik bir döngəni dayandırdıq. Bunu gedib Xankəndində qeyd etmək Azərbaycanın salnaməçisi olan “Yeni Müsavat” üçün çox önəmli idi.
“Yeni Müsavat” olaraq hər zaman Azərbaycanın taleyini yaşamışıq. Azərbaycan necə olubsa, nəyi yaşayıbsa, biz də onu yaşamışıq. Bir fərqimizi olub ki, biz həm də yazmışıq. İndi ağsaqqal yaşımızda Xankəndinə, Xocalıya, Şuşaya gedib, oradan çəkilişlər edib, reportajlar hazırlamaq çox gözəldir. Çox şükür ki, bu günləri də yaşadıq”.