Qətər İranın Əl-Udeyd aviabazasına raket hücumunu pisləyir və bunu ölkənin suverenliyinin kobud şəkildə pozulması hesab edir.
1xeber.media xəbər verir ki, bu barədə Əmirliyin Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsində yaydığı məlumatda deyilir.
"Qətər Dövləti İranın Əl-Udeyd aviabazasına endirdiyi zərbəni qətiyyətlə pisləyir. Biz bunu Qətərin suverenliyinin, hava məkanının, beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulması hesab edirik", - diplomatik departamentdən bildirilib.
Bəyanatda vurğulanır ki, əmirlik beynəlxalq hüquqa uyğun olaraq “bu həyasız təcavüzün xarakteri və miqyasına uyğun” birbaşa cavab vermək hüququnu özündə saxlayır. Eyni zamanda Qətər münaqişə tərəflərini hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırıb.
Bundan əvvəl İranın Qələbənin xeyir-duası əməliyyatı çərçivəsində Qətərdəki Amerika hərbi bazaları istiqamətində ən azı 6 raket atdığı məlum olub. Zərbə ABŞ-ın İslam Respublikasının nüvə infrastrukturuna hücumuna cavab idi.