Səkkiz rəqəmi Azərbaycan xalqı üçün xüsusi məna ifadə edir. Otuz ilə yaxın davam edən işğalın başa çatdığı, miflərin darmadağın edildiyi və qəhrəmanlığın simvolu olan 8 rəqəmi... 8 Noyabr metrostansiyası, 8 Noyabr prospekti, Zəfər parkındakı 8 Noyabr memorial abidəsi və nəhayət, 8 zaldan ibarət Zəfər muzeyi... Muzeyin açılışı da elə noyabrın 8-nə təsadüf etdi.
1xeber.media-nın müxbirləri Zəfər muzeyini ziyarət ediblər. Muzeyə yaxınlaşarkən “Qarabağ Azərbaycandır!” yazılmış lövhənin qarşısında qalib ölkə Prezidenti İlham Əliyevin fotosu əks olunub. Divarlarda Vətən fədailərinin adları həkk olunub. Onların adlarını oxuduqca qürur və kədər hissləri bir-birinə qarışır. Girişdə Vətən müharibəsində Zəfərin qazanılmasının başlıca amil olan, xalq-ordu-dövlət birliyinin təcəssümü olan “Dəmir yumruq” instalyasiyası və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışından fikirlər əks olunub.
Muzeyin “Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi” adlanan ilk zalı ziyarətçinin həmin torpaqların çal-çağırlı vaxtlarına aparır. Zalın divarlarındakı barelyeflər bölgənin qədim tarixi abidələrini əks etdirir, videomateriallar isə Qarabağın memarlıq irsindən və çoxəsrlik tarixindən bəhs edir. Ümummilli Lider Heydər Əliyevin bölgənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə divardakı kitab instalyasiyasında xüsusi yer ayrılıb. Mərkəzdəki interaktiv kitablar Qarabağın təbiətini, ədəbi irsini, musiqisini və xalq sənətlərini kəşf etməyə imkan yaradır. Zalın sonundakı ekranlar Qarabağın dövlətçilik, hərb, ədəbiyyat və incəsənət sahələrində iz qoymuş görkəmli şəxsiyyətlərin həyatını daha yaxından tanımağa şərait yaradır. Bu məkan Qarabağın keçmişi, bu günü və gələcəyə daşıdığı ruhu birləşdirən yaddaş simvoluna çevrilir.















