Bakı Enerji Həftəsində Azərbaycanın enerji siyasətinin keçdiyi yol, əldə olunan
nailiyyətlər və qarşıdakı strateji hədəflər bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.
Açılış mərasimində Prezident İlham Əliyev bəyan etdi ki, vaxtilə Xəzər Neft və Qaz Sərgisi
kimi fəaliyyətə başlayan bu platforma bu gün qlobal enerji gündəliyinin formalaşdığı ən nüfuzlu
beynəlxalq tədbirlərdən birinə çevrilib.
Məhz neft və qaz strategiyası Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinə,
iqtisadi dirçəlişə və beynəlxalq nüfuzunun artmasına şərait yaratdı. Enerji resurslarından əldə
olunan gəlirlər sosial infrastrukturun inkişafına, təhsil və səhiyyə sisteminin
modernləşdirilməsinə, yeni iş yerlərinin yaradılmasına və güclü ordunun formalaşdırılmasına
yönəldildi.
Bugünki göstəricilər enerji gəlirlərinin səmərəli idarə edilməsinin uğurlu nümunəsidir.
Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfələr Bakı Enerji Həftəsində yenidən
gündəmə gəldi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənubi Qafqaz Qaz Kəməri, TANAP və TAP
kimi nəhəng layihələr Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılıb. Bu gün Cənub Qaz
Dəhlizi vasitəsilə Azərbaycan qazı 16 ölkəyə nəql edilir. Həmin ölkələrdən 10-u Avropa
İttifaqının üzvüdür. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində strateji
əhəmiyyətini daha da artırır. Xüsusilə qlobal geosiyasi gərginliklər və enerji bazarlarındakı
qeyri-müəyyənliklər fonunda Azərbaycan etibarlı tərəfdaş kimi öz mövqeyini möhkəmləndirib.
Dövlət başçısının vurğuladığı kimi, qaz təchizatının coğrafiyası genişlənməkdə davam edir və
yeni yataqların, o cümlədən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsinin işlənilməsi
Azərbaycanın enerji ixrac potensialını daha da artıracaq. Azərbaycanın enerji uğurları yalnız
təbii sərvətlərlə deyil, həm də düşünülmüş xarici siyasətlə bağlıdır. Dənizə birbaşa çıxışı
olmayan ölkə kimi Azərbaycanın enerji resurslarını dünya bazarlarına çatdırması geniş
diplomatik əməkdaşlıq şəbəkəsinin qurulmasını tələb edirdi.
Bu gün Azərbaycan enerji layihələri vasitəsilə Avropa, Türkiyə, Cənubi Qafqaz və
Mərkəzi Asiya ölkələrini birləşdirən mühüm əməkdaşlıq platforması yaradıb. Prezident İlham
Əliyevin qeyd etdiyi kimi, bu əməkdaşlıq formatlarının təşəbbüskarı və aparıcı qüvvəsi məhz
Azərbaycandır.
Bakı Enerji Həftəsində diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın yaşıl
enerji gündəliyinə sadiqliyidir. Prezident İlham Əliyev bildirdi ki, mövcud qaz ehtiyatları ölkənin
və tərəfdaşlarının enerji tələbatını ən azı növbəti yüz il ərzində təmin etməyə imkan versə də,
Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişafını strateji prioritet kimi müəyyənləşdirib.
Artıq ölkədə bir sıra günəş və külək enerjisi layihələri istismara verilib. Gələn ilin sonuna qədər
yaşıl enerji istehsal gücünün 2 giqavata, 2032-ci ilə qədər isə 8 giqavata çatdırılması
planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialının inkişafı da bu
strategiyanın mühüm tərkib hissəsidir. Bununla yanaşı, Qara dəniz Enerji Kabeli və
Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan elektrik ötürmə layihələri ölkəmizin yaşıl enerji
ixracatçısına çevrilməsi istiqamətində mühüm addımlardır.
Beləliklə, Bakı Enerji Həftəsi qlobal enerji siyasətinin müzakirə olunduğu nüfuzlu
beynəlxalq platformadır. ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın və Böyük Britaniyanın Baş naziri Kir Starmerin tədbirə ünvanladıqları müraciətlər
də bu tədbirin beynəlxalq əhəmiyyətini nümayiş etdirir. Bu platforma bir daha göstərdi ki,
Azərbaycan regional əməkdaşlıq və yaşıl transformasiya sahələrində təşəbbüskar ölkədir.
Enerji sahəsində həyata keçirilən uzaqgörən strategiya Azərbaycanın beynəlxalq nüfuzunu
artırmaqla yanaşı, onu qlobal enerji siyasətinin əsas aktorlarından birinə çevirib.
Qafur Nəsirov,
Sabirabad rayon Elektrik Şəbəkəsinin baş mühəndisi















