Ötən günlərdə “Real TV”də yayımlanan “Media masası” verilişində jurnalist Mirşahin Ağayevin televiziya izləmə vərdişləri ilə bağlı səsləndirdiyi fikirlər gündəm olub. O, “Televizora baxmıram” deyən insanlara münasibət bildirərək bunu düzgün yanaşma hesab etmədiyini söyləyib.
Son illər televiziya izləyicilərinin sayının azalması və insanların televiziyaya marağının zəifləməsi nə ilə bağlıdır?
BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, filologiya elmlər doktoru, professor Qulu Məhərrəmli Demokrat.az-a açıqlamasında televiziya üçün çətin günlərin olduğunu bildirib:
“Təkcə bizdə deyil, dünyada da bu tendensiya müşahidə olunur. Amma dünyada elə maraqlı televiziyalar var ki, onlara baxırlar. Bunlar transmilli televiziyalardır. CNN, Euronews, BBC, NHK və s. Məsələn, Avropa Birliyinə üzv ölkələrdə əhalinin 70 faizinin əsas məlumat mənbəyi televiziyadır. Yəni onlar sosial şəbəkələrə o qədər də bağlı deyillər. Çünki televiziya onların istədiyini verir, ən mühüm məlumatları çatdırır, ictimai müzakirə proqramları yayımlayır və s. Yəni cəlbedici televiziyadır, ona görə də baxırlar. Bizdə isə sosial şəbəkələr o qədər aktiv, hüdudsuz və qaydasız mübarizə aparır ki, tamaşaçıların böyük bir qismini, auditoriyanı özünə cəlb edə bilir. Amma “televiziya ölür, sıradan çıxır” fikri də çox şərti və subyektivdir. Çünki etibarlılıq baxımından televiziya məqamında sosial şəbəkələri xeyli geridə qoyur”.
Professor əlavə edib ki, televiziyalar tamaşaçı auditoriyasının maraq və tələbatını ödədiyi, xəbər ehtiyacını qarşıladığı, ictimai problemlərin müzakirəsinə həsr olunmuş verilişlər təqdim etdiyi halda baxımlı ola bilər:
“Tutaq ki, siz televiziya rəhbərisiniz, aparıcısınız və ya redaktorusunuz. Təbii ki, hazırladığınız verilişə auditoriyanın baxmasını istəyirsiniz. Çünki orada böyük insan əməyi, intellekt və texniki resurs sərf olunur. Onun izlənilməsi isə arzulanandır. Amma məsələnin bir tərəfi də var. Heç kimi məcbur etmək olmaz ki, televiziyaya baxsın. Fəal vətəndaşlar, ölkəsi və onun problemləri ilə yaşayan, gündəmi izləyən insanlar xəbərlərə də, ictimai diskussiya proqramlarına da baxırlar. Elə adamlar da var ki, televiziyalar hansı formatda veriliş hazırlayır-hazırlasın, yenə də baxmırlar. Bu insanları da çox qınamaq olmaz. Bu, ümumilikdə zövq, maraq və tələbat məsələsidir. Ona görə də vəziyyət kifayət qədər aydındır, eyni zamanda bir o qədər də mürəkkəbdir”.

















