Təyyarənin salonunda qaz balonunun partlaması versiyası ağlasığmazdır, yalandır.
1xeber.media xəbər verir ki, bunu APAya açıqlamasında təyyarə qəzasında sağ qalan təyyarə bələdçisi Zülfüqar Əsədov deyib.
O qeyd edib ki, təyyarənin salonunda hər hansı bir şey, hətta oksigen balonu belə partlasa, təyyarə həmin an parçalanardı.
"Təyyarənin salonuna qaz balonu keçirmək mümkün deyil. Hava limanında bütün yüklər, o cümlədən əl yükləri yoxlanılır", deyə o bildirib.
Zülfüqar Əsədov qeyd edib ki, təyyarəyə bayırdan təsir olub, təyyarəyə nəsə dəyib, kənardan salona keçən yad cisim onun qolunu yaralayıb.
Qeyd edək ki, AZAL-ın qəzaya uğramış təyyarəsinin salonunda qaz balonunun partlaması barədə Rusiya və digər ölkələrin informasiya resurslarında versiyalar səsləndirilir.