Dövlətin özəl uşaq bağçalarının xidmət haqqının 70 faizini maliyyələşdirməsi ilə bağlı təşəbbüs ictimaiyyət arasında müzakirələrə səbəb olub. Belə bir mexanizm məktəbəqədər təhsilin əlçatanlığını artıra, valideynlərin maliyyə yükünü azalda və qadınların əmək bazarında iştirakına müsbət təsir göstərə bilər. Dövlətin özəl bağçaların xidmət haqqının 70 faizini maliyyələşdirməsi cəmiyyətə hansı sosial təsirləri göstərə bilər?
Məsələ ilə bağlı 1xeber.media-ya açıqlamasında sosioloq Üzeyir Şərifov deyib ki, dövlətin özəl uşaq bağçalarında xidmət haqqının 70 faizini maliyyələşdirməsi əvəzinə, bu müəssisələrə vergi güzəştlərinin tətbiqi daha səmərəli nəticə verə bilər:
“Vergi güzəştləri özəl bağçaları sosial sahibkarlıq prinsipləri əsasında fəaliyyət göstərməyə təşviq edər və nəticədə xidmət haqlarının aztəminatlı ailələr üçün daha əlçatan olmasına şərait yaradar. Özəl sahibkarlıq subyektlərinin xidmət haqqının böyük hissəsinin dövlət tərəfindən qarşılanması məntiqli yanaşma hesab olunmur. Əvəzində dövlət özəl bağçalara müəyyən vergi güzəştləri təqdim etməli, onlar isə sosial məsuliyyət çərçivəsində aztəminatlı və sosial həssas ailələr üçün güzəştli xidmətlər göstərməlidirlər”.
O qeyd edib ki, özəl uşaq bağçaları dövlətin sosial siyasətinin tərəfdaşı kimi çıxış etməli, filantrop və sosial dəstək layihələrində fəal iştirak etməlidirlər:
“Bu yanaşma həm əhaliyə keyfiyyətli xidmət göstərilməsinə, həm də xidmət sektorunun və ümumilikdə iqtisadiyyatın inkişafına töhfə verə bilər. Özəl sektorda fəaliyyət göstərən bütün xidmət müəssisələri sosial həssas qrupların maraqlarını nəzərə almalı, aztəminatlı ailələr üçün xüsusi güzəşt mexanizmləri tətbiq etməlidirlər. Çünki heç kəsin sosial xidmətlərdən kənarda qalmaması dövlətin əsas sosial prioritetlərindən biridir və özəl sektor da bu siyasətə dəstək verməlidir. Dövlət sosial tərəfdaşlıq prinsipi əsasında belə müəssisələrə vergi güzəştləri təqdim edərsə, həm aztəminatlı ailələrin məktəbəqədər təhsilə çıxışı genişlənər, həm özəl bağçaların inkişafı sürətlənər, həm də dövlətlə özəl sektor arasında əməkdaşlıq güclənər. Bu model nəticə etibarilə sosial məmnunluğun və inklüzivliyin artmasına, korporativ sosial məsuliyyət prinsiplərinin geniş tətbiqinə və cəmiyyətin sosial rifahının yüksəlməsinə xidmət edər”.
Aysel
















